"Təranə Səmədova həbs olunmamışdan əvvəl onlar mənim yanıma gəldilər. Böyük qızı Suel, onun isə qucağında körpə bacısı vardı. Uşaqlara baxdım, iydən (pis qoxu - red.) kiçik körpəyə yaxın durmaq mümkün deyildi. Çıxardım uşağa pul verdim. Onlar yemək alıb, yedilər.
Təranə əlində siqareti tutmuşdu. Ona göz ağardıb dedim ki, uşaqlarının yanında bu hərəkəti etmə. Cavab verdi ki, eybi yoxdur. İki saat ərzində Təranə oturduğu yerdən durmadı. Həmin vaxt Suel körpə bacısının altını dəyişdi, yemək yedizdirdi. Elə bil ki, uşağı Təranə yox Suel dünyaya gətirib".
Referans.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "Səni axtarıram" ictimai-sosial proqramda deyib.
Sənətçi hazırda həbsdə olan prodüser Təranə Səmədovanın onun başına açdığı "oyun"lardan danışıb. İsmayılova bildirib ki, Təranə onu və sevgilisi Rasim Həsənovu həbsdən çıxarmağı tələb edib:
"Mən Təranədən niyə əlimi çəkdim, deyim sizə... Təranə mənə dedi ki, birinci mənim sevgilimi (Rasim Həsənov - red.) həbsdən çıxar. Bu insan mənə şərt qoydu. Birinci onu çıxarmalısan həbsdən, sonra da məni. Ona söylədim ki, övladlarını düşün, çalışaq ilk növbədə səni bu həbsdən qurtaraq. Cavabında Təranə söylədi ki, uşaqlar mənə maraqlı deyil, əsas mənə maraqlı olan Rasimin həbsdən çıxmasıdır.
Bundan sonra Təranə ilə mənim davalarım başladı. Mən Təranəyə pul göndərirəm, o isə gedib, o pulları həbsxanada Rasimə yedizdirir. Onlar həbsxanada biri şüşənin bu tərəfində, digəri o biri tərəfində dalaşırlar. Rasim Təranəyə deyir ki, sən məni həbsə saldırmısan. Sən mənə dedin ki, o şəxsi şantaj edək, pul alaq ondan. Mən həbsə sənə görə düşmüşəm".
Müğənni prodüserin körpə qızı Adelin baxımsızlıqdan bütün bədəninin yara basdığını açıqlayıb:
"Təranənin kiçik qızı Adeli mən çimizdirəndə o uşağın başını dörd ədəd şampunla yuyub, təmizləyə bilmədim. Adelin vəziyyəti çox pis idi. Təsəvvür edin ki, 7-8 aylıq uşaq qaşıq tanımırdı. Yalnız bu uşağa səhərdən gecəyə kimi su və çay içizdiriblər. Yemək deyilən şey bu uşaq tanımırdı.
Uşaqlarıma baxan dayələrimdən xahiş etdim ki, mənim qızlarıma necə baxırsınızsa, Təranənin də uşaqlarına elə baxın. O uşağı yeməyə öyrəşdirdik. Natəmizlikdən Adelin bütün bədəni yara basmışdı. Qoxudan yanına getmək mümkün deyildi. Onu müalicə etdik".
Rəqsanənin sözlərinə görə, T.Səmədova həbsxanadan qızı Suelə zəng vurduğu zaman onunla dalaşıb, küçə söyüşləri ilə onu təhqir edib:
"Təranə mənə həbsxanadan zəng vurub dedi ki, Sueli verirsən uşaq evinə, körpə Adeli isə özündə saxlayırsan. Təranə qızı Adelə zəng vurur ancaq onunla dalaşır. Təranəyə söylədim ki, sən qızınla küçə söyüşləri ilə danışırsan, belə olmaz. Sən uşağı axı niyə ayıldırsan. Cavabında söylədi ki, sən bilmirsən, Suel mənim başıma nə oyunlar açıb".
Rəqsanə Təranənin uşaqlarını öz yanında deyil, niyə sığınacağa verdiyinin səbəblərindən danışıb:
"Mən Təranənin qızlarını Kəmalə Ağazadənin yanına yerləşdirdim. Evimə gəldim, xəstə düşdüm. Hara gedirdimsə o uşaqlar gözümün önünə gəlirdi. Yemək belə yeyə bilmirdim. Həyat yoldaşım Fazil Əmiraslanova dedim ki, nahaq biz bu uşaqları apardıq verdik, gərək yanımızda saxlayardıq. Mən Təranənin əlindən bezib, uşaqları verdim. Sonra elə oldu ki, uşaqlarla görüşdüm.
Suel daş atıb başını tutdu ki, xahiş edirəm, məni sığınacağa aparma. Burada qalmaq istəmirəm. Kəmalə xanım söylədi ki, o zaman icazə ver, körpəni özümlə aparım. Onu da verə bilmirdim. Çünki Adel Sueli anası kimi bilir. Təranə Adeli dünyaya gətirəndən ona böyük bacısı Suel baxır. Sosial agentliyə zəng vurdum dedim ki, məsələ belədir, gəlin, bu məsələni çözün. Suel ilə agentliyin nümayəndələri danışdılar.
Onlar söylədilər ki, biz bu uşağı məcbur heç yerə apara bilmərik. Sonradan Təranə başladı deməyə ki, Rəqsanə mənim uşaqlarımı oğurlayıb və məndən icazəsiz onlara dayə tutub. Sonda Adelə hər şeyi başa salıb, Sueli və Adeli Kəmalə xanıma təhvil verdim. Kəmalə xanım da onları uşaq evinə yerləşdirdi. Adelin də artıq bir yaşı tamam olub".
Xatırladaq ki,Təranə Səmədovanın böyük qızı Suel "Səni axtarıram" verilişinə pənah gətirib. O, anası Təranədən imtina etdiyini açıqlayıb. Suel bu məsələdə proqramın aparıcısı Xoşqədəm Hidayətqızının və dövlət qurumlarının ona köməklik etməsini istəyib.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı. Onun iki qızı Suel və Adel Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.