​Dövlət pul verdiyi bu uşaq və ailələrə nəzarət edir: Kimlər uşaqdan və puldan məhrum ola bilər?

​Dövlət pul verdiyi bu uşaq və ailələrə nəzarət edir:
14:01 12.10.2023
234 Sosial
A- A+

Azərbaycanda övladlığagötürmə ilə yanaşı, himayədar ailə qayğı modeli tətbiq olunur.

Prezident İlham Əliyev bununla bağlı 15 fevral 2022-ci il tarixli Fərman imzalayıb. Fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Nazirliyin Övladlığagötürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov himayədar ailə qayğı modelindən danışarkən bildirib ki, bir ailə içərisində himayəyə verilən uşaqlar da daxil olmaqla ümumi uşaq sayı 5-dən artıq olmamalıdır:

“Himayədar ailəyə verilən uşaqların sayı 3-dən çox ola bilməz. Lakin burada bacı-qardaş məsələsi istisnadır. Çünki həmin uşaqların ayrılmasına yol verilmir. Onlar sistemdə qeydiyyata alınanda belə bacı-qardaş olması qeyd olunur”.

Nazirlik rəsmisi himayəyə uşaq götürən valideynlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müqavilənin imzalandığını deyib:

“Müqavilənin hansı müddətdə olması ilə bağlı qanunvericilikdə konkret müddəa yoxdur. Müqavilənin müddəti qarşılıqlı istək əsasında formalaşır. Burada himayədar ailənin istəyi və niyyəti önəmlidir. Misal olaraq, himayədar ailə ilkin olaraq ola bilər ki, müqaviləni 3 aylıq müddətə bağlansın. Əksər hallarda himayədar valideyn və uşaq arasında düzgün münasibət formalaşır. Müəyyən narazı hallar olduqda isə müqaviləyə xitam verilir. Ümumilikdə isə altsistemə uşağın bütün istəklərinin hamısı qeyd olunur”. 

Bəs kimlər himayədar ailə modelinə uyğundur? 

Sulh.info.az  Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, yetkinlik yaşına çatmış hər iki cinsdən evli və ya subay şəxslər himayədar ailə ola bilərlər. Himayədar valideyn olmaq istəyən nikahda olan şəxslərdən biri - ər və ya arvad üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaş müəyyən olunub. Nikahda olmayan şəxslə ona himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. Bundan başqa, ən azı ümumi orta təhsilli və sağlamlıq vəziyyəti normal olan, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslər himayədar ailə ola bilərlər.

Dövlət tərəfindən himayədar ailəyə vəsait ödənsə də himayədar ailənin maddi gəliri də bunun üçün uyğun olmalıdır. Yəni ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən, yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi isə qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır. Burada da uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olunur. 

Uşaqların öz fikrinin nəzərə alınmasına gəldikdə, 7 yaşına çatmış uşaq himayədar ailəyə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər. 

Qeyd edək ki, “Himayədar ailə” modelinin tətbiqində əsas məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsinə və inkişafına şərait yaratmaqdır. Həmin ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət verilir. 

Eyni zamanda, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrin hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinətlə təmin edilir. Qurum vəsaitin himayəyə götürülən uşağa xərclənməsinə nəzarət edir. /cebhe.info