​Naxçıvan sakininin müəmmalı ölümünə səbəb nə oldu?- VİDEO

​Naxçıvan sakininin
14:18 12.10.2023
139 Toplum
A- A+

“Naxçıvan Muxtar Respublikası Xəstəxanası” Publik Hüquqi Şəxsin Kardioloji mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb. Məlum olub ki, o, həkimlər tərəfindən səhv müalicə alıb və nəticədə vəfat edib. Elməddin Vəliyevin anası deyir ki, oğlu xəstəxanaya gedərkən heç bir problemi olmayıb. O, yalnız 2017-ci ildən bəri ürək xəstəliyindən əziyyət çəkirmiş, müayinələr zamanı onda heç vaxt ağciyər xərçənginə və ya başqa bir xəstəliyə aid əlamətlər olmayıb. Xəstəliyinə baxmayaraq, Elməddin özünü narahat hiss etmirmiş və uzun müddət idi kənd məktəbində təsərrüfat müdiri kimi çalışırdı.

Ürək narahatlığına görə zaman-zaman Türkiyə və İranda müalicə alan Elməddin Vəliyev xəstəxanada 17 gün qalıb və sentyabrın 6-da vəfat edib. Valideynləri iddia edir ki, Elməddin xəstə olduğu müddətdə onun dərmanları verilməyib, maraqlanmayıblar və uşaqlarının ölümünə səbəb də elə həkimlərin səhlənkarlığıdır.

Bu məsələdə ittiham olunan kardioloji mərkəzin reanimasiya şöbəsinin müdiri Sara Əzizli deyir ki, Elməddin Vəliyev xəstəxanaya müraciət edərkən onun anketi başqa həkimin adına açılıb. Lakin valideynlərin xahişi ilə Elməddinin müayinəsi ilə o məşğul olub. Sara Əzizli onu da vurğuladı ki, Elməddin Vəliyev məhz ürək çatışmamazlığından rəhmətə gedib. Həkimin, eyni zamanda, valideynlərin açıqlamasından belə qənaətə gəlmək olar ki, Elməddin Vəliyev sağ ağciyər xərçəngindən yox, ürək xəstəliyindən vəfat edib.

Hazırda faktla bağlı Naxçıvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır./APA TV