2020-ci ildə Azərbaycan Milli Məclisinə sonuncu seçkilərin keçirilməsindən sonra keçən 3 il ərzində millət vəkilləri arasında vəfat edənlər, təmsil etdiyi dairənin nəticəsi ləğv olunanlar, vəzifəyə təyin edilənlər və həbs edilən olduğuna görə hazırda 9 dairə boşdur.
Sulh.info.az xəbər verir ki, Ölkə.Az Milli Məclisdə təmsilçisi olmayan dairələrin siyahısını hazırlayıb.
Bunlar müvafiq olaraq 10, 33, 35, 50, 55, 74, 80, 105 və 116 saylı seçki dairələridir.
10 saylı Binəqədi üçüncü seçki dairəsi -Deputat Madər Musayev bu ilin 14 iyulunda 75 yaşında dünyasını dəyişib. Onun vəfatından sonra dairəsi boş qalıb.
2020-ci ilin 13 fevralında Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
116 saylı Qəbələ seçki dairəsi - 2020-ci ilin 4 avqustunda 82 yaşında vəfat etdiyinə görə millət vəkili Fəttah Heydərovun dairəsi də boş qalıb.
55 saylı Xaçmaz şəhər seçki dairəsi- Eldəniz Səlimov isə 2021-ci ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etdiyi üçün saxlanılıb və həbs edilib (3 avqust).
O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilib.
50 saylı Abşeron-Qobustan seçki dairəsi -Şahin Seyidzadə 2022-ci ili martıdnda Dövlət başçısının sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bundan sonra, Konstitusiyanın 89-cu maddəsinə əsasən, başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə deputatın mandatına xitam verilib.
105 saylı Tovuz seçki dairəsi - Səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən millət vəkili Qənirə Paşayeva sentyabrın 28-də vəfat etdi. onun ölümündən sonra Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 9-a çatdı.