​Qarabağda gizlənən terrorçuları hansı AQİBƏT GÖZLƏYİR?

​Qarabağda gizlənən terrorçuları hansı
16:21 12.10.2023
129 Siyasət
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib ki, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur və ərazilərimizin quldur dəstələrindən təmizlənməsi prosesi gedir:

“Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur.

Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər.

Bütün tədbirlər 24 saatdan da az davam etdi.

Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir.

Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur.

Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir".

Ya təslim olacaqlar, ya da...

Bizim.Media-ya açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev bildirir ki, qısa müddətdə terrorçuların gizlənən qalıqları da ya zərərsizləşdiriləcək, ya da təslim olacaqlar:

“Prezidentin bu açıqlaması onu deməyə əsas verir ki, hələ də azad etdiyimiz ərazilərdə müəyyən quldur dəstələri qalmaqdadır. Hansı ki, onlar istənilən an müəyyən təxribatlar, terror hərəkətləri törədə bilərlər. Qarabağın ərazisi böyükdür. Azərbaycan ərazisinin 20 faizini əhatə edir. Bu mənada müxtəlif dağlıq, meşəkil ərazilərdə quldur dəstələrinin qalıqlarının gizlənmələri istisna deyil.

Onları məhv etmək və ərazidə tam sakitlik, əmin-amanlıq yaratmaq üçün Azərbaycanın xüsusi xidmət orqanları müvafiq əməliyyatlar aparır. Hesab etmirəm ki, bu proses uzun çəkəcək. Qısa müddətdə terrorçuların gizlənən qalıqları ya zərərsizləşdiriləcək, ya da təslim olacaqlar.

Azərbaycanın suverenliyi artıq bütün Qarabağda təmin olunub. Bu fonda terrorçu qalıqların artıq Ermənistana keçmək imkanları da yoxdur. Əvvəllər bunun üçün Laçın yolundan istifadə edə bilirdilərsə, indi bunu edə bilməyəcəklər. Hazırda Azərbaycanla Rusiya arasında sülhməramlıların sonrakı fəaliyyəti məsələsi müzakirə olunur.

Yəqin ki, bu müzakirələrdə birgə səylər nəticəsində həmin quldur dəstələrinin zərərsizləşdirilməsi məsələsi də yer alacaq. Bu terrorçu qalıqlar da tam məhv ediləcək”.

Yəqin ki, sayları minə yaxındır

Hərbi ekspert Ramil Məmmədli qeyd edir ki, Qarabağdakı qanunsuz silahlı tör-töküntülərə qarşı axtarışların bir müddət davam etməsilə yanaşı, onlara qarşı qısa müddətdə müəyyən tədbirlər həyata keçiriləcək:

“Sentyabrın 20-də Azərbaycan Ordusu Qarabağda təmizləmə işlərini yekunlaşdırdıqdan sonra belə, ərazinin quldur dəstələrindən tam təmizləndiyini demək hələ tezdir. Çünki 3 min kv-km-lik bir ərazidə 30 ildən artıq müddətdə mövcud olan qanunsuz silahlı qruplaşmaların sentyabrın 20-dən sonra da müəyyən istiqamətlərdə gizlənməkdə davam edəcəkləri gözlənilən idi.

Dünya təcrübəsində də belə hallara rast gəlirik. İkinci Dünya Müharibəsi bitəndən sonra SSRİ hüquq-mühafizə orqanları Ukrayna və Belarusda yerli millətçi qruplara qarşı hələ bir müddət mübarizə aparmalı oldu. Qarabağdakı tör-töküntülərə qarşı da bir müddət axtarışlar davam edəcək, onlara qarşı qısa müddətdə müəyyən tədbirlər həyata keçiriləcək.

Yəqin ki, gizlənən silahlı quldur dəstələrinin sayı minə yaxındır. Artıq Azərbaycan Ordusunun işi bitib. İndi Qarabağda əmin-amanlıq yaratmaq hüquq-mühafizə orqanlarının işidir”.