Bakıda sevdiyi qızın nişanlısını qətlə yetirməkdə təqsirli bilinən Rasim Mustafayevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Referans.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elvin Hüseynli öldürülüb və onun bacısı 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə ağır bədən xəsarəti yetirilib.
Cinayəti sərxoş vəziyyətdə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev törətməsi müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı, 1981-ci il təvəllüdlü Rasim Mustafayev törədib. Evdə heç kim olmadığı zaman Rasim Türkanın yaşadığı mənzilə gələrək orada gizlənib.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Rasim Mustafayev bildirib ki, 2007-ci ildə xalası qızı ilə ailə qurub. Həmin nikahdan iki övladı dünyaya gəlib. 2009-cu ildə internet vaitəsi ilə Türkan Hüseynova ilə tanış olub. Ona özünü subay oğlan kimi təqdim edib. O, qızla şəhərin müxtəlif yerlərində görüşüb və mütəmadi mobil telefonla onunla əlaqə saxlayıb.
Təxminən 5-6 aydan sonra Türkan Rasimi anası Lyudmila ilə tanış edib. O, qadından da ailəli olmasını gizlədib və qızı ilə evlənmək istədiyini bildirib. Onların yaşadığı evə gedib gəlib. Bu zaman ərzində qardaşı Elvinlə tanış olub.
2015-ci il yanvarın 2-də Rasim Türkanın yaşadığı evə gəldikdə atası Elçin Hüseynov onu görüb Səbail RPİ-nin 8-ci polis bölməsinə məlumat verib. Buna görə polis əməkdaşları gələrək onu bölməyə aparıblar. Rasim orada qızı və ailəsini narahat etməyəcəyinə dair izahat verdikdən sonra sərbəst buraxaılıb.
Qadağalara baxmayaraq yavarın 27-də Mustafayev qızın iş yerinin qarşısına gəlib və onunla söhbət etmək istədiyini deyib. Lakin Türkan acıqlanıb, bir daha onu narahat etməməsini tələb edib.
Həmin gün o, Nəsimi RPİ-nin 21-ci polis bölməsinə çağırılıb. Orada Türkan Hüseynovanın onun barəsində bölməyə şikayət etməsi məlum olub.
Fevralın 2-də Rasim şikayət ərizələrini geri götürmələrini xahiş etmək üçün Türkanın yaşadığı evin qarşısına gəlib. Mağazadan bir neçə şüşə pivə alıb içib. Yarım saatdan sonra həyət qapısını açıb küçəyə çıxan Elçin Hüseynov onu görüb qapılarına gəldiyinə görə narazalığını bildirib. Mustafayev Türkanla söhbət etməyə imkan verilməyəcəyini hiss edib, atasını kənara itələyib həyətə daxil olub. Elçin Hüseynov onun yaxasından tutub və onlar əlbəyaxa olublar. Rasim üstündəki bıçağı çıxardıqda Lyudmila Hüseynova qışqıraraq alətin tiyəsindən tutub və bıçaq onun əlini kəsib. Kəsici alət əlindən düşən kimi qadın onu götürüb evə qaçıb. Ardınca gedən Rasimi Elçin Hüseynov və oğlu Elvin çarpayının üstünə yıxıb əllərini arxadan bağlayıblar. Polisə zəng etdikdən sonra evə gələn polis əməkdaşları Rasimin əlləri bağlı fotoşəklini çəkiblər. Bıçağı götürərək onu 8-ci polis bölməsinə aparıblar. İzahatı alındıqdan sonra o, evə buraxılıb.
Rasim Mustafayev ifadəsinin davamında bildirib ki, hadisədən 4-5 gün sonra o, Türkana barışmaq və ərizəni geri götürməkdən ötrü SMS yazıb. Amma sonuncu ona cavab verməyib.
Hadisə baş vərən günü səhər saatlarında Nəsimi RPİ-nin müstəntiqi ona zəng edərək Türkan Hüseynovaya nə üçün mesaj yazdığını və onu hədələdiyini soruşduqda Mustafayev qızı heç vaxt hədələmədiyini bildirib.
O, Hüseynovlar ailəsinin onu şərləyib tutdurmaq istədiyiklərini güman etdiyindən onları qorxutmaq məqsədi ilə saat 17:00 radələrində evlərinə yollanıb. Gedərkən özü ilə açılıb bağlanan bıçaqda götürüb.
Evlərində heç kim olmadığından qonşular görmədən darvazanın üstündən həyətə keçib. Sonra pəncərəni açıb otağa daxil olub və paltar şkafına girib gizlənib.
Təxminən iki saatdan sonra Lyudmila Hüseynova oğlu və qızı ilə evə gəliblər. Elvin yataq otağına keçdikdə Rasim şkafdan çıxıb onunla əlbəyaxa olub. Səs-küyə anası və bacısı gələrək onun qollarından tutublar. Lyudmila Hüseynova əlindəki taxta ilə onun baş nahiyyəsinə bir neçə dəfə zərbə vurub. Bu zaman Rasim cibindəki bıçağı çıxarıb onunla üzbəüz olan Elvinə öndən, arxadan və böyürdən bir neçə bıçaq zərbəsi vurub. Elvini vurarkən buna maneçilik törədən Türkana da xəsarət yetirib.
Dörd bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılarkən yolda keçinib. Türkan Hüseynova isə xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra evə buraxılıb.
Rasim Mustafayev əlavə edib ki, Türkana da xəsarət yetirdikdən sonra həyətə çıxıb bıçağı darvazanın yanında yerən atıb və hadisə yerindən qaçıb. Bir gün sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə prosesində Rasim Mustafayev ittiham üzrə özünü təqsirli bilinib.
Sonda məhkəmənin hökmü ilə Rasim Mustafayev CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum olunub.