"İşğaldan azad olunmuş ərazilərdə investisiya fəaliyyəti ilə məşğul olmaq üçün sahibkarlar İqtisadiyyat Nazirliyinə və ya Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə yazılı və ya elektron formada (Nazirliyin rəsmi e-mail ünvanına) müraciət edə bilər".
Sulh.info.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilir ki, müraciət zamanı sahibkarlardan investisiya layihəsi barədə məlumatların (investisiyanın həcmi, investisiyanın maliyyələşdirilmə mənbələri, layihə üçün tələb olunan ərazi, layihənin icra müddəti, yaradılacaq iş yerlərinin sayı və s.) təqdim edilməsi məqsədəuyğun hesab edilir:
"Layihədə hər hansı məlumatın dəqiqləşdirilməsinə ehtiyac duyularsa Nazirliyin əməkdaşları tərəfindən müraciət müəllifi ilə əlaqə saxlanılır. Növbəti mərhələdə təqdim olunmuş layihələr aidiyyəti dövlət qurumlarının da iştirakı ilə ilkin zəruri ehtiyaclar çərçivəsində qiymətləndirilir və sahibkara icra edilməli növbəti zəruri addımlar barədə məlumat verilir.
Eyni zamanda bildiririk ki, yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində islahatların davamı olaraq Ağdam rayonunda 190 hektar sahədə zəruri infrastrukturla təmin edilmiş Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır. Qeyd olunan sənaye parklarında fəaliyyət göstərən rezidentlər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunur. Sözügedən sənaye parklarında fəaliyyət göstərmək üçün sahibkarlar İqtisadiyyat Nazirliyinə və ya Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edə bilərlər.
Qaydalar nədən ibarətdir?
Hər hansı qayda yoxdur. Bununla bağlı xüsusi prosedur yoxdur, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyət ilə məşğul olmaq istəyən hər bir kəs yuxarıda qeyd edildiyi kimi bu istəyi barədə müraciət edə bilər.
Ümumiyyətlə Qarabağda fəaliyyət göstərən sahibkarları hansı güzəştlər gözləyir?
İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün vergi, gömrük, sosial sığorta, kommunal xidmətlər daxil olmaqla bir çox sahələri əhatə edən güzəşt və azadolmalar, habelə həmin ərazilərdə investisiyaların təşviq edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər təsdiq edilərək müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilmişdir.
Belə ki, ərazilər üzrə 10 il müddətinə sahibkarlıq subyektlərinin mənfəət (gəlir), əmlak, torpaq, sadələşdirilmiş və satışdankənar gəlirlərdən, eləcə də dividend gəlirindən azad edilməsi, müvafiq iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı vergi və gömrük rüsumundan azad edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi, həmçinin sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulur.
Eyni zamanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi proqramı çərçivəsində sahibkarlara verilən kreditlərin 90%-nin dövlət zəmanəti ilə təmin olunması, faizlərin isə 10% bəndinin subsidiyalaşdırılması nəzərdə tutulur".