Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu 2 həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti müəyyən ediləcək.
Bu məsələ Milli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
İkinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə görə, Əmək Məcəlləsinin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.
Sənəd layihəsinə əsasən, yaşı 18-dən az olan şəxslər, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə götürülən şəxslər, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər istisna təşkil edir.
307-ci maddənin 3-cü hissəsində göstərilir ki, işçiyə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır.
Dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır.
Fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır.
Qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci oxunuşda təsdiq edilib.