Azərbaycanda bu ilin yay fəslində temperatur üzrə rekord göstəricilər qeydə alınmasa da, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bəzən hətta yaxın ərazilərdə belə bir-birinə zidd olan anomal hadisələrin baş verdiyi müşahidə edilir: "Bu ilin misalında ölkədə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalması, əsasən Aran ərazilərdə quraqlığın baş verməsinin şahidi olduq. Bu iqlim dəyişmələrinin bəzən gözlənilməz və təzadlı tərəfləridir. Bir sözlə, iqlimin nisbətən “sabit” dövründən 30-40 il keçib. Ümumiyyətlə, iqlimşünaslıqda müasir dəyişmələri qiymətləndirmək üçün müqayisələr iqlim norması kimi qəbul edilən 1961-1990-cı illər dövrü ilə aparılır".
U.Tağıyeva bildirib ki, anomal hava-iqlim hadisələrinin həm sayının, həm də intensivliyinin artmasını hamı müşahidə edir və iqlim ssenarilərinə görə bu davam edəcək: "Quraqlıq, sel-daşqın, isti hava dalğaları kimi hadisələrə, yəni baş vermiş və gözlənilən iqlim dəyişmələrinə uyğunlaşmaq vacibdir. Monitorinq və elmi araşdırmaların nəticələrinə əsasən Birləşmiş Millətlər Təşkilatının 66 ölkədən 234 alim üzvü olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupu (IPCC) bu il Yer kürəsinin iqliminin son dərəcə sürətlə dəyişəcəyi qənaətinə gəlib. Ümumiyyətlə iqlim dəyişmələri həyatımızın bütün sahələrinə təsir göstərir. Bu səbəbdən də iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmalı, müsbət tərəflərindən isə faydalanmalıyıq".