Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan TV-yə irad bildirib. Buna Naxçıvan TV-də yayımlanan sağlamlıq verilişində "süd vəzi xərçəngi" əvəzinə, türkiyəli professorun "meme kanseri" ifadəsini işlətməsi səbəb olub.
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli qafqazinfo-ya açıqlamasında bu qərarı absurd adlandırıb: "Şura Naxçıvan TV-yə irad bildirib. Yanaşmaya baxın: Sağlamlıqla bağlı proqramda çox əhatəli məlumat verən və hamının başa düşdüyü dildə danışan türkiyəli professora yalvarmalıymışıq ki, süd vəzi de, sən Allah, məmə demə!
Qeyd edək ki, Şuranın məlumatında oktyabrın 17-də yayımlanan "Sağlam yaşa" verilişinin qonağı olan türkiyəli həkim professor Bülənt Ünal veriliş boyunca "meme kanseri" ifadəsindən istifadə etdiyi vurğulanıb: "Bu da cəmiyyətimiz tərəfindən qeyri-etik ifadə kimi qəbul olunur.
Bu ifadə yerinə "süd vəzi xərçəngi" ifadəsinin işlədilməsi daha məqsədəuyğun olardı. Verilişin müəllifi tərəfindən əvvəlcədən qonağa həmin ifadənin işlədilməməsi ilə bağlı xəbərdarlıq edilməli idi.
Eyni zamanda yayımlanan qısa görüntülərdə də qeyri-etik hallar müşahidə edilib. Veriliş nə qədər maarifləndirici xarakter daşısa da, onun başlanma vaxtı uşaqların izləyə biləcəyi zamana uyğun gəldiyi üçün burada "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri də pozulub".