​Ermənistan RAZILAŞDI! Sülh müqaviləsi ilə bağlı TARİXİ QƏRAR

​Ermənistan RAZILAŞDI!
16:04 18.10.2023
154 Siyasət
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamağa və münasibətləri tənzimləməyə hazır olduğunu deyib. Oktyabrın 17-si Strasburqda Avropa Parlamenti qarşısında çıxış edən Nikol Paşinyan Cənubi Qafqazda sülhün, iqtisadi, siyasi və mədəni əlaqələrin vacib olduğunu qeyd edib.

Bəs gedən bu proseslər sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağını göstərir?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov Referans.az-a bildirib ki, Ermənistan rəhbərliyinin sülh müqaviləsi bağlamaqdan başqa bir yolu qalmayıb:

“Azərbaycan hökuməti tərəfindən, cənab İlham Əliyev tərəfindən atılan addımlar göstərir ki, sülh müqaviləsinin imzalanması prosesi yaxınlaşır. Nikol Paaşinyanın dünən Avropa Parlamentindəki çıxışı bir daha bunu sübut edir ki, sülh sazişi reallaşamağa doğru gedir. Hətta mən baxıram ki, Gürcüstanın keçmiş baş naziri Mixail Saakaşvili açıq məktubla Paşinyana müraciət edib ki, sülh müqaviləsini təcili Azərbaycanla bağlamaq lazımdır”.

Deputat qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin bağlanması an məsələsidir. Onun sözlərinə görə, ilin sonuna qədər bu məsələ öz həllini tapacaq: “Hətta Putin də sülh müqaviləsinin bağlanılması ilə əlaqədar bir problem yaşanmayacağını qeyd edib. Sadəcə burada bir neçə kəndin münaqişəsi var. Onlar da sərhədlər müəyyənləşdiriləndə öz həllini tapacaq”.

Vahid Əhmədov əlavə edib ki, sülh müqaviləsinin bağlanmasının artıq vaxtıdır. Biz yaxın zamanlarda bunun şahidi olacağıq.

Politoloq Tofiq Abbasov isə Referans.az-a bildirib ki, Paşinyan 44 günlük müharibədən sonra vaxt udmağa çalışdı, amma artıq bu mümkün deyil:

“Ona dəstək verənlər istəyirdlər ki, müharibə ab-havası ölkəmizdən əksik olmasın. Faktiki olaraq onlar Nikol Paşinyanı aldadırdılar. Yəni onlar öz korporativ maraqlarını həyata keçirməklə çalışırdlar ki, cənubi Qafqazda öz maraqlarını yerləşdirsinlər və Nikol Paşinyanı özlərinin girovuna çevirmişdilər. Son hadisələrdən sonra ki, biz artıq həm antiterror tədbirlərini həyata keçirdik, həm separatçı, heç kəs tərəfindən tanınmayan rejim özünü buraxmaq haqqında sənəd imzaladı”.

Politoloq bildirib ki, Nikol Paşinyan artıq anlayır ki, Azərbaycanla sülh müqaviləsindən başqa çıxış yolu yoxdur. Onun sözlərinə görə, sülh müqaviləsi imzalanmasa, ümumiyyətlə, Ermənistanın özünün suverenliyi böyük təhlükə ilə üz-üzə qalmış olacaq: “Bunu da başa düşən Paşinyan birincisi vaxt qazandı ki, daxildəki opponentlərini bir növ tərksilah etsin və onlara göstərsin ki, hər şey Ermənistanın iradəsi ilə həll olmayacaq. Ermənistanın yalnız gücü ona çata bilər ki, Azərbaycanın sağlam yanaşmasına dəstək versin. Bəli, artıq yavaş-yavaş həm Paşinyan, həm də erməni cəmiyyəti anlayır ki, yalnız sülhə getmək lazımdır”.