​İsrail-HƏMAS gərginliyi müharibə qanunlarına ziddirsə - Dünya nə etməli?

​İsrail-HƏMAS gərginliyi müharibə qanunlarına ziddirsə
09:43 25.10.2023
141 Siyasət
A- A+

Xəbər verdiyimiz kimi, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bununla da Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Ardınca isə İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb. 

Birləşmiş Millətlər Təşkilatı və çoxsaylı digər təşkilatlar tərəfləri sakitləşdirən bəyanatlar yayaraq onlar arasında sülhü bərqərar etməyə çalışırlar. Lakin artıq 3 həftədir ki, dünya ölkələrinə səs salan İsrail-HƏMAS gərginliyi davam edir. 

Sözügedən müharibə isə sual yaradır: İsrail-HƏMAS gərginliyi müharibə qanunlarına ziddirsə, dünya ölkələri nə etməlidir?

Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, İsrail ordusunun "Dəmir qılınclar" adlı əməliyyatı ilə HƏMAS-a vurulan zərbələr Qəzzada çox sayda mülki vətəndaşın da daxil olduğu ağır itkilərlə nəticələnib. Belə ki, mülki infrastruktura ciddi ziyan vurulub, bəzi məhəllələr fəlakətli dağıntılara məruz qalıb.

Lakin müharibə davam edərkən İsrail ordusunun zərbələri haqqında ətraflı və dəqiq məlumat əldə etmək mümkün olmadıqca, tərəflərin silahlı münaqişə qanunlarına əməl edib-etmədiyini demək çətindir. Amma qəbul edilmiş qanunlar, balanslaşdırılmış normalar və bunlar fonunda qəbul ediləcək nəticə çətin deyil. Birincisi, beynəlxalq humanitar hüquq kimi də tanınan silahlı münaqişə qanunları, ilk növbədə, 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokolları, o cümlədən mülki şəxslərin müdafiəsini tənzimləyən qanunları müəyyən edən I Protokol ilə tənzimlənir.

Yəni bu konvensiya onun qanunlarına tabe olmağı tələb edir. İsrail də bütün digər dövlətlərlə birlikdə Cenevrə Konvensiyalarının iştirakçısıdır. Cenevrə Konvensiyalarının şərtlərinə uyğun olaraq döyüşməyənləri müdafiə edən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Fələstini də konvensiyanı imzalayan tərəf kimi siyahıya alır, yəni bu müharibənin hər iki tərəfi silahlı münaqişə qanunlarına tabe olmalıdır.

Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq təşkilatlar, şəxslər və ya tərəflərin həmin məhkəməyə təqdim etdiyi şikayətlər əsasında (müharibə cinayətləri də daxil) Cenevrə Konvensiyalarının ciddi pozuntularını təqib edə bilər. Məhkəmə özü silahlı münaqişə qanunlarının mümkün pozuntuları ilə bağlı ekspertiza və araşdırmalara başlaya bilər.

Fələstin Administrasiyası 2015-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını qəbul edib. Baxmayaraq ki, İsrail BCM-i yaradan Roma Statutunu ratifikasiya etməyib. Bununla belə, İsrail Fələstin Administrasiyasının ona qarşı məhkəməyə təqdim etdiyi hərbi cinayət iddialarına cavab verib. 

Ona görə hər iki tərəf üçün bütün əməliyyatları beynəlxalq hüquqla tənzimlənir və İDF-nin əmrlərinə Cenevrə Konvensiyalarına riayət etmək tələbi daxildir.

Məlum olduğu kimi, oktyabrın 7-si açıq havada keçirilən musiqi festivalında 260-a yaxın insan atəş və qumbaraatanlarla öldürülüb. Fələstin Səhiyyə Nazirliyinin yaydığı ən son xəbərə əsasən, İsrail Müdafiə Qüvvələrinin hücumlara başlaması nəticəsində Qəzzada 5000-dən çox fələstinli həlak olub. 

Mülki infrastruktur arasında hərbi hədəflər

MAG Beynəlxalq Hüquq Departamentinin rəhbəri Pnina Şarvit Baruç İsrailin yalnız hərbi hədəflərə hücum etdiyini təkid edib. Bununla belə, o qeyd edib ki, HƏMAS və digər terror qrupları tərəfindən istifadə edilən yaşayış binaları o halda vurula bilər ki, belə binalar hərbi məqsədlər üçün istifadə edilir. Şarvit Baruçun sözlərinə görə, müharibə İsrail tərəfindən Cenevrə Konvensiyalarının əlavə protokollarına müvafiq aparılır.  

O bildirib ki, HƏMAS-ın hərbi imkanları Qəzzanın mülki infrastrukturunda və onun altındakı geniş tunellər şəbəkəsində dərin kök salıb. Buna görə də İsrailin bu hədəfləri mülki insanlara zərər vermədən vurması son dərəcə çətindir. Çətin, lakin mümkünsüz də deyil.

Qəzzanın mühasirəsi

Böyük Britaniyanın Exeter Universitetinin Beynəlxalq İctimai Hüquq kafedrasının dosenti Dr. Aurel Sari İsrailin Qəzzanı mühasirədə saxlamasını tənqid edərək, suyun kəsilməsinin "müdafiəedilməz" hal olduğunu bildirib. Sarinin fikrincə, mühasirə müharibəsi qeyri-qanuni müharibə metodu olmasa da, İsrailin su təchizatını kəsməsinə haqq vermək çətindir və buna haqq qazandırmaq mümkün deyilsə, deməli bu, qanuni deyil. Sari qeyd edib ki, beynəlxalq hüquqa riayət etmək məcburidir, çünki beynəlxalq hüquqa riayət etmək də İsrailin maraqlarına uyğundur: "Yoxsa ona göstərilən beynəlxalq dəstək dayanar".

Xatırladaq ki, oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant Qəzzaya elektrik, yemək, yanacaq getməyəcəyini bəyan edib. Həmin gün İsrail ərazini tam mühasirəyə alıb. Oktyabrın 15-də suyun bir hissəsinin tədarükü bərpa olunub, eyni zamanda, ümumi humanitar yardımın Qəzzaya girişi də məhdud şəkildə olsa da, yenidən bərpa edilib.