​Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR - İRAN RAZILAŞDI

​Naxçıvana avtomobillə getmək istəyənlərə
13:45 26.10.2023
146 Siyasət
A- A+

Son 30 ildə Azərbaycanın əsas tələbi Qarabağın bütün ərazisinin, eləcə də ona bitişik yeddi rayonun Bakının nəzarətinə qaytarılması olub. 1990-cı illərin əvvəllərində baş vermiş birinci Qarabağ müharibəsi nəticəsində bütün bu torpaqlar Qarabağ ermənilərinin nəzarətinə keçib. Yeddi rayonu və Qarabağın bir hissəsini Azərbaycan 2020-ci il müharibəsindən sonra geri qaytarıb və 2023-cü ilin sentyabr ayının sonunda Bakı faktiki olaraq mübahisəli bölgənin bütün ərazisini nəzarətə götürüb. Beləliklə, son 30 il ərzində bildiyimiz Dağlıq Qarabağ artıq mövcud deyil.

Bakının Qarabağa tam nəzarət etməklə yanaşı, hələ ki, həyata keçirə bilmədiyi daha bir məqsədi var. Bu, Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirməli olduğu deyilən Zəngəzur dəhlizidir. İlham Əliyev Zəngəzur dəhlizinin tezliklə “gerçəyə çevrilmək üzrə olduğunu” dəfələrlə təkrar edib. Ermənistanda çoxları narahatdır ki, dəhlizin açılması Ermənistanın İranla həmsərhəd ərazisi üzərində suverenliyinin “tədricən” itkisinə çevrilə bilər - bir halda ki, Bakıda bu ərazini tez-tez Azərbaycanın tarixi hissəsi adlandırırlar.

Bəs Zəngəzur dəhlizi son proseslərdən sonra nəhayət ki, gerçəyə çevrilir?

Məsələ ilə bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a bildirib ki, İran vasitəsilə Naxçıvana yol açılacaq və Zəngəzur dəhlizi ilə bağlı artıq problem qalmayıb:

“Cənab prezident də öz çıxışlarında bildirdi ki, biz Zəngəzura minik avtomobilləri ilə gedəcəyik. Yəni sülh yolu ilə. Amma indi Ermənistan buna razılıq vermədi, ona görə də İranla 3+3 formatında görüş keçirildi, bundan qabaq da bəzi görüşlər keçirilmişdi və ümumi razılığa gəldilər. İran vasitəsilə Naxçıvana yol açılacaq. Burada faktiki olaraq problem həll olub. Ermənistan da o görüşdə iştirak edib və hər şeydən xəbəri var”.

Deputat qeyd edib ki, bu məsələlər ətrafında çox mübahisələr gedir və hər bir qüvvə öz xeyrinə istifadə etmək istəyir. Onun sözlərinə görə, Azərbaycan həmişə sülh tərəfdarı olub: “İstər Qarabağda, istər hazırkı Zəngəzur dəhlizi məsələsində. Çox təəssüf ki, ermənilər bunu başa düşmürlər. Elə bilirlər ki, Azərbaycan 1990-cı ilin Azərbaycanıdır. Azərbaycan qüdrətli dövlətdir. Buna görə də bu bir çoxlarının xoşuna gəlmir. Amma bu məsələ artıq həll olunub”.

Politoloq Turan Rzayev bildirir ki, ötən gün Tehranda keçirilən görüşdə Zəngəzurla bağlı ciddi müzakirənin olduğunu demək sadəlövhlük olar. O, əlavə edib ki, növbəti görüşlərdə bu məsələ gündəmdə ola bilər:

“Biz burada iqtisadi münasibətlərdən danışırıq və bu zaman Zəngəzurun olmaması mümkün deyil. Azərbaycan indiki məqamda İranla saziş imzalayıb və İrandan yolun keçməsi dair razılıq əldə olunub. Bu rəsmi Bakının Ermənistana bir xəbərdarlığıdır ki, biz siz olmadan da bu işi görə bilərik. Azərbaycanın niyyəti həm Zəngəzurdan yolun açılması, həm də İrandan yolun açılmasıdır ki, gələcəkdə İranın və yaxud Ermənistanın ehtimal təzyiqlərinə qarşı alternativ yol olma imkanını bizə verəcək”.

Azərbaycan bir növ bu yolla Ermənistana mesaj verir ki, yəni baxın görün ki, bizim niyyətimiz buy yolla İranı işğal etmək deyil. Eyni qaydada sizi də işğal etmək niyyətində deyilik. Yəni bu nöqteyi nəzərdən Zəngəzur dəhlizi əhəmiyətini bir növ itirib, amma Azərbaycan onun açılmasında maraqlıdır – deyə politoloq əlavə edib.