Ermənistan və İran sosial təminat sahəsində əməkdaşlıq memorandumu imzalayıb.
Sulh.info.az bu barədə erməni mediasına istinadən bildirir.
Tehranda sənədi Sosial Əmək Nazirliyinin rəhbəri Narek Mkrtçyan və kooperasiya, əmək və sosial rifah naziri Seyid Soulat Mortazavi imzalayıblar. Ermənistan departamentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər əmək mübadiləsi prosesinin sadələşdirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və məşğulluğun təmin edilməsi barədə öhdəlik götürüblər. Danışıqlar zamanı iki ölkədə vakant iş yerlərinin mövcudluğu və tələb olunan əmək ixtisasları ilə bağlı vaxtaşırı məlumat mübadiləsinə dair razılıq əldə olunub.
Sosial Əmək Nazirliyinin bəyanatında deyilir ki, erməni nazir Ermənistan-İran dostluq əlaqələrinin əhəmiyyətini yüksək qiymətləndirərək, bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Mortazavi, öz növbəsində, İran tərəfinin sosial müdafiə sahəsində təcrübə və imkanlarını bölüşməyə hazır olduğunu bildirib.