Artıq fala baxanlar arasında bu peşəylə onlayn məşul olan xeyli sayda adam var.
Ən qəribə tərəfi də odur ki, onlayn falçılıq edənlərə inananlar az deyil.
“Fala inanma, faldan da qalma” deyimi insanları kiçik bir problemlə üzləşdikləri zaman falçıların qapısına yönəldir. İnsanların çarəsizcə ümid bağladığı bu fırıldaqçılar əvvəllər sadəcə evlərdə xidmət göstərirdilər. İndi isə sosial şəbəkələrdə onlayn falçılıq xidmətləri geniş şəkildə yayılmağa başlayıb. İnananların sayı artdıqca fırıldaqçılar da çoxalır. Ətrafımızda ən azı bir dəfə də olsa, belə hadisə ilə rastlaşmışıq:
“Falçıya getdim, hər şeyi bildi. Dedi ki, filan şeyləri edəcəyəm, problemlərin həll olunacaq”.
Aramızda falçıların belə ümidverici sözlərinə inananlar az deyil. İnsanları “mənə vergi verilib”, “Quran açıb baxıram”, “kart hər şeyi düz göstərir” deyərək aldatmağa çalışırlar.
Falçılara müraciət edilən məsələlər, demək olar ki, eynidir - “yoldaşımı evə bağla”, “evimizin ruzisini artır”, “qayınanamı bizdən uzaq sal” və s.
Hətta iş o yerə gəlib ki, vəzifə üçün yolunu falçı və cadugərlərin evinə salanlar da olur. Falçıların özünəməxsus tarifləri var. Misal üçün, sosial şəbəkələrdəki gizli elanlardan aydın olur ki, bəxt açmaq 10, yol açmaq 5, dua edib, cadu təmizləmək 10-20 manat arasında dəyişir . Hətta falçılığı özünə peşə seçənlər bəzən misal kimi Vanqanı, Nostradamuusu göstərir.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan ilahiyyatçı alim Elşad Miri bildirib ki, Nostradamus qərb dünyasının peyğəmbərə alternativ çıxardığı insandır:
“Bir hadisə olandan sonra deyirlər ki, Nostradamus bunu başqa formada deyib, sən demə, oradan çıxan nəticə bu imiş. Bu, insanları aldatmağın başqa bir formasıdır. Vanqanın yanına guya xaricdən adamlar gəlirdi. Vanqa özü dövlətdən maaş alırdı. Əlil, şikəst adamlara dünyanın hər yerində yaşayan insanların yazığı gəlir. Onu bu cür məşhurlaşdırdılar.
Təsəvvür edin ki, SSRİ kimi ateist hakimiyyət Vanqanı insanlara bu cür təqdim edərək xüsusi xidmət üçün ondan çox şəkildə istifadə etdi. Bunlar hamısı kütlə psixologiyasına təsir edib, insanları əldə saxlamaq üçün istifadə olunan hallardır”.
Məsələ ilə bağlı vəkil Ramin Qoça Cebhe.info-ya bildirib ki, vətəndaş aldadılaraq inamından sui-istifadə edilməsi, pulunun mənimsənilməsi kimi dələduzluq faktı ilə üzləşibsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər:
"Dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı cinayət işi qaldırılır. Mənimsənilən məbləğ 100 manatdan yüksəkdirsə, yəni böyük ictimai təhlükə törətməyən dələduzluq faktı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinə əsasən 100 manatdan 700 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlərə cəlb oluna və ya 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Əgər vətəndaşın 3000 manatdan – 10000 manata qədər pulu mənimsənilibsə, falçılıqla məşğul olan şəxsi həmin məcəllənin 178.2.4 maddəsinə əsasən 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Külli miqdarda dələduzluq faktıdırsa, yəni 10 min manatdan yuxarı məbləğdə dələduzluq faktı qeydə alınıbsa, bu zaman təqsirləndirilən şəxsi həmin məcəllənin 178.3.2 maddəsinə əsasən 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.
Həmçinin dələduzluq nəticəsində mənimsənilən məbləğ 100 manatdan aşağıdırsa, bu halda da şəxs cəzadan kənarda qalmır. Dələduzluq əməlini törətmiş şəxsə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə cəza tətbiq edilir”.