​Bakının ağzıaçıq kanalizasiya quyuları: Qəzaya kim cavabdehdir?

​Bakının ağzıaçıq kanalizasiya quyuları:
10:09 02.11.2023
191 Sosial
A- A+

Bakının müxtəlif yerlərində ağzıaçıq kanalizasiya quyuları yollarda ciddi təhlükələr yaradır. 

Heç bir xəbərdaredici nişanlar quraşdırılmayan ərazidə sürücülərin qarşısına çıxan bu ağzıaçıq quyular əsl təhlükə mənbəyidir. Vay o gündən ki, sürücülər “lyuku” olmayan kanalizasiya quyularını görməyə. 

Belə olarsa, ən yaxşı halda maşını təmirə yollamalı olacaqlar. 

Azərbaycan Yolları Nəqliyyat Agentliyi-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Cebhe.info-ya bildirib ki, yolalrdakı kanalizasiya quyuları onların balansında deyil. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, avtomobilin “lyuksuz” kanalizasiya quyusuna düşməsi yol-nəqliyyat hadisəsidir: 

“Sürücü dərhal hadisə yerinə Dövlət Yol Polisi əməkdaşlarını çağırmalı, hadisə sənədləşdirilməlidir. Avtomobilin zədələnməsi təsdiqlənməlidir. Bundan sonra yolun sahibindən vurulmuş ziyanı tələb etmək lazımdır”. 

Ekspert bildirib ki, "Yol hərəkatı haqqında" Qanuna əsasən, yollarda hərəkətin düzgün təşkil edilməməsinə görə həmin yol hərəkətini təşkil edən yol sahibi məsuliyyət daşıyır:

“Əvvəla, bütün yollarda kanalzasiya quyularının “lyukları” olmalıdır. Əgər “lyuk” yoxdursa, kommunikasiya və yol örtüyündə problem varsa, yol hansı qurumun balansındadısa, məsuliyyəti də o qurum daşıyır. Bura da yerli icra hakimiyyətinin və bələdiyyələrin tərkibində olan yollar daxildir”. 

Cəbhə.info