“Azərbaycan şanlı qələbə qazanaraq öz suverenliyini tamamilə bərpa edib və sərhədlərimizin toxunulmazlığı təmin olunub”.
Sulh.info.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasına bildirib.
O qeyd edib ki, bundan sonra isə zaman-zaman quru sərhədlərin açılması ilə bağlı məsələlər qaldırılır:
“Parlamentdə də bununla bağlı bir çox müzakirə olub və deputatlar öz fikirlərini söyləyiblər. Quru sərhədlərinin açılması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətlərinə aid olan məsələdir.
Hazırda dünyada baş verən prosesləri, müharibələri, terror təhdidlərini görürük, amma ölkəmizdəki sabitlik cənab Prezident İlham Əliyevin nə qədər düzgün strategiya müəyyənləşdirdiyinin təzahürüdür.
Bütün bu baş verən hadisələrdə Azərbaycanın mövqeyi və verilən reaksiyalar bizim düz yolda hərəkət etdiyimizin bariz nümunəsidir. Mövcud geosiyasi problemlərə də baxsaq, Azərbaycanın dünyanın sabit ölkələrindən biri olduğunu görürük.
Bəlkə də çox nadir ölkələrdəndir ki, 100 faizlik stabillik hökm sürür. Hər halda, Nazirlər Kabineti yanında Operativ Qərargah bütün bu məsələlərin həll olunması üçün vacib addımları atır”.
Millət vəkili quru sərhədlərin hansı halda açılacağı barədə də danışıb:
“Əgər indiyə kimi quru sərhədlərimiz açılmayıbsa, deməli hələ də səbəblər mövcuddur. Quru sərhədlərinin açılmaması iqtisadi cəhətdən problemlər də yaradır.
Hətta bu, ölkə xəzinəsinə də maliyyə axınında problemlər yarana bilər. Lakin insanların təhlükəsizliyi, ölkə daxilidə stabillik, xarici siyasətdəki uğurlar və onların düzgün hesablanması dövlətin qarşısında duran ən əsas məsələlərdəndir.
Düşünürük ki, qarşıda heç bir təhdidin olmayacağı müəyyən olunanda quru sərhədlərin açılaması təmin olunacaq”.