Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur.
Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Bu məbləğlə bir şəxsin dolanması, ən azından aylıq xərclərini qarşılaması mümkün görünmür.
İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu məbləğlə dolanmaq mümkün deyil:
"Azərbaycanda işləməyənlərin ehtiyac meyarlarına nəzər salaq. 2024-cü ildə bu, 270 manat olacaq. Heç bir gəliri olmayan vətəndaş 270 manata yaşam ehtiyatlarını qarşılaya bilərmi? Bu mümkünsüzdür. Hökumət iddia edir ki, 2023-də infliyasiya sabitləşib, aşağı səviyyədə olub. Və bunu da onunla əsaslandırırlar ki, infliyasiyanın artmaması vətəndaşların gəlirlərin sabit qalmasına gətirib çıxarır.
Ona görə də minimum əməkhaqqını da 345 manat olaraq saxlayıblar. Reallıq budur ki, faktiki bazar qiymətləri hər gün artmaqdadır, Azərbaycan manatı dəyər itirməkdədir. Bütün bunların fonunda infliyasiyanın aşağı düşməsini qeyd etmək inandırıcı deyil”.
Ekspert bildirib ki, reallıq tamam başqadır:
“Nəinki 345 manata, işləməyən insanların ehtiyac meyarlarını 24 manat artırıb 270 manat etməklə belə, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq mümkün deyil".
Onun sözlərinə görə, bu sahədə bir çox çatışmazlıqlar var:
"Biz adətən əməkhaqqını başqa ölkələrlə müqayisə edirik. Orta aylıq əməkhaqqı, orta aylıq təqaüd - bütün rəqəmlər müqayisə olunub. Azərbaycanla gəlirləri eyni, enerji potensialı, dövlətin ümumdaxili məhsulu bərabər səviyyədə olan, eyni zamanda ümumilikdə Cənubi Qafqaz ölkələri ilə müqayisə olunub. Azərbaycan bu siyahıda da sonuncu yeri tutmaqdadır. Azərbaycan həm qonşularından, həm də öz statusunda, iqtisadi potensialında olan dövlətlərlə müqayisədə vətəndaşlarına ayırdığı sosial təminatlar üzrə geridədir.
Baxın, işləyən vətəndaşın xərcləri işləməyən vətəndaşdan daha çox çıxır. Bunları nəzərə almaq lazımdır. Azərbaycanda nə qədər şəxs mimimum əməkhaqqı alır? Ünvanlı sosial yardım üçün müraciət edənlərin, pandemiya dövründə 190 manat birdəfəlik yardım almaq istəyənlərin sayına diqqət edəndə qarşımıza milyonlarla rəqəm çıxır. Azərbaycanda vətəndaşların böyük qismi minimum əməkhaqqı alır və bununla dolanmaq mümkün deyil. Çətin deyil demirəm, mümkün deyil".