Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi fasilədən sonra davam edib.
Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorun çıxışından sonra Vaqif Xaçatryanın vəkili Radmila Abdullova müdafiə çıxışı edib.
Vəkilin sözlərinə görə, Vaqif Xaçatryan Meşəli hadisəsində iştirak etməyib. O, Vaqif Xaçatryana bəraət verilməsini istəyib.
Vəkilin çıxışına replika verən prokuror Cövdət Mehrəliyev deyib ki, istintaq materiallarında göstərildiyi, şahid və zərərçəkmişlərin ifadəsi ilə Vaqif Xaçatryan Meşəli hadisəsini törədən şəxslərdən biri olduğu sübuta yetirilib.
Hakim Vaqif Xaçatryana son söz verib.
O, məhkəməyə günahsız olduğu bildirib:
“Cənab hakim, mən orda olmamışam. Beynəlxalq Qızıl Xaç Komitəsinin yoxlanışında bildindi ki, mən ürəyimdən əməliyyat olunmaq üçün müalicə almalıyam. Mən sadəcə Badara kənd sakini olmuşam. Haqqımda verilən axtarışda da günahım olmayıb. Günahsız insanam. Orda olmamışam, iştirak etməmişəm. Mənə qarşı çıxış edənlərin deyir ki, bütün kəndin hər yerində mən olmuşam. Amma heç biri məni tanımır.
Hörmətli cənab hakim, mən o hadisədə iştirak etməmişəm. Mən Allaha inanan, günahsız insanam”./Lent.az