Cari ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri ilə Qarabağdakı qondarma qurumun mövcudluğuna tamamilə son qoyuldu və suverenliyimiz tam bərpa edildi. Lakin Azərbaycan Qarabağda yaşayan etnik ermənilərə reinteqrasiya üçün dəfərlərlə müraciət etsə də, onlar Ermənistan, Rusiya və digər ölkələrə üz tutmağı daha məqbul hesab etdilər. Ancaq Ermənistan və havadarları həmin ermənilərin mövcud vəziyyətini həll etmək əvəzinə, onlar üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyasına start verdilər. Xüsusən də etnik ermənilər üzərindən qaçqın və məcburi köçkün problemi qabardılaraq, gələcəkdə məkrli planlarını davam etdirmək üçün zəmin hazırlayırlar. Halbuki həmin ermənilər Ermənistan və Rusiya vətəndaşlarıdır, dolayısı ilə nə qaçqın, nə də məcburi köçkündürlər. Üstəlik, Azərbaycan nəinki onları qovmayıb, hətta qanunlar çərçivəsində daha yaxşı yaşayış təklif edib.
Sulh.info.az xəbər verir ki, KONKRET.az-a mövzu ilə bağlı fikirlərini açıqlayan siyasi elmlər doktoru Nazim Cəfərsoy bildirib ki, Qarabağdan köçən ermənilərin statusu ilə bağlı müzakirələrdə 3 əsas məqam önə çıxır:
– Bunlardan birincisi, oradakı ermənilərin hansı ölkənin vətəndaşı olması məsələsidir. Maraqlıdır ki, Qarabağdakı ermənilərin böyük çoxluğunu xarici ölkə vətəndaşları təşkil edir. Bu çərçivədə Ermənistanın adı xüsusilə qeyd edilməlidir. Çox az qisimdə digər ölkələrin adı çəkilə bilər ki, onlar da xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarının başqa xarici ölkədə qalmasının müxtəlif beynəlxalq parametrləri var.
Məsələn, biz Rusiyaya getsək, bir türk oradan Azərbaycana gəlsə və yaxud bir erməni Fransaya getsə, orada beynəlxalq hüquqla tənzimlənən əsas prinsiplərə əməl etməlidir. Yəni oradakı milli hüquq qaydalarını və ona tanınan öhdəlikləri qəbul etməlidir. Dolayısı ilə bunun içərisində miqrasiya, giriş və qalma ilə bağlı standartlar var. Bir sözlə, bu istiqamətdə müxtəlif parametrlər mövcuddur. Ancaq Qarabağa yerləşən, Ermənistan vətəndaşı olan və Ermənistan vətəndaşlığını qəbul edən ermənilər beynəlxalq hüquqla Azərbaycanın ərazisi sayılan Qarabağda beynəlxalq və Azərbaycan hüququnun heç bir parametrinə uyğun məskunlaşmayıblar. Qarabağ Azərbaycanın işğal edilən bölgəsi olub, orada qalma ilə bağlı məsələlər beynəlxalq hüquqa və Azərbaycanın suverenliyini tanıyan qayda-qanunlara zidd şəkildə həyata keçirilib. Dolayısı ilə onların orada yerləşməsi birinci növbədə özü qanunsuzdur və buna görə da orada yaşayan insanların Ermənistana getməsi də beynəlxalq hüquq baxımdan heç bir öhdəlik yaratmır.
– Nazim müəllim, digər məqam onların keçmiş qondarma rejimin pasportuna malik olmasıdır. Bu “sənəd” də qeyri-leqal olduğu üçün onlar məcburən digər ölkələrin pasportunu əldə etmişdilər. Bu məqamı necə dəyərləndirmək olar?
– Əlbəttə ki, onların bir hissəsi (saylarını tam müəyyənləşdirmək mümkün deyil – N.C.) qondarma qurumun hansısa qanunsuz sənədini alıb və bu da beynəlxaq hüquq baxımdan heç bir öhdəlik yarada bilmir. Yəni qondarma qurumun verdiyi sənəd heç vaxt qanuni sənəd kimi qəbul edilə bilməz.
– Bu hüquq necə tənzimlənir?
-1992-ci ildən bu yana beynəlxaq hüququn bu istiqamətdə qərarları, müxtəlif tənzimləmələri var. O tənzimləmələrə görə, işğal edilən bölgəyə başqa bir ölkə əhali gətirib yerləşdirə bilməz. Orada 1991-ci ildən bu yana erməni işğalı gerçəkləşdirilməsi ilə paralel olaraq müxtəlif ölkələrdən ermənilər yerləşdirilib. Livandan, Suriyadan və müxtəlif ərəb ölkələrindən, yaxud da Ermənistanın özündən ora gətirilib, qanunsuz yerləşdirilənlər olub. Bu da beynəlxaq hüquq tərəfindən qadağan edilən məqamlardandır. Dolayısı ilə qanunsuz şəkildə yerləşən insanların oradan təkrar köçməsi ilə bağlı bir öhdəliyin yaranması da mümkün görünmür ki, bu da başqa bir məqamdır.
– Bəs qaçqınlıq statusu hansı halda işə düşür?
– Azərbaycan onların orada qalması ilə bağlı təşviqlər aparıb, bu istiqamətdə açıqlamalar verib, bununla bağlı müəyyən tədbirlər görüb. Antiterror tədbirlərindən sonra insanların orada qalması üçün hüququn müxtəlif istiqamətlərində addımlar atıb, yardımlar edib, təhlükəsizliyin qorunması ilə bağlı ən yuxarı səviyyələrdə bəyanatlarla çıxış edib. Reinteqrasıya ilə bağlı planlar təklif olunub, müəyyən addımlar atılıb, üstəgəl, oradakı mülki əhaliyə qarşı da heç bir gücdən istifadə edilməyib. Nə antiterror əməliyyatı zamanı, nə də əməliyyatdan sonra güc tətbiqi olmayıb. Əksinə, qeyd etdiyim kimi, reinteqrasiyada maraqlı olub. Dolayısı ilə bu dörd parametri beynəlxaq hüquq perspektivindən qiymətləndirəndə onlara məcburi köçkün statusu verilməsi çox absurd görünür. Çünki Ermənistan vətəndaşı Xankəndiyə, Xocavəndə, Xocalıya qanunsuz şəkildə yerləşib. İndi Ermənistan vətəndaşı deyirsə ki, mən “məcburi köçkünəm”, bu, düzgün deyil.
Nəzərə alınmalıdır ki, Qarabağ onsuz da Ermənistan ərazisi deyildi ki, oradan gedənlər də məcburi köçkün sayılsın. Gedənlər Ermənistan vətəndaşıdır və qanunsuz olaraq yaşadığı bir ərazidən çıxıb öz ölkəsinə gedib. Yəni bu, heç bir məntiqə sığmır. Bu çərçivədə də onların məcbur köçkün olaraq xarakterizə edilməsi beynəlxalq hüquq baxımından mümkün görünmür.
Başqa bir məqam isə ondan ibarətdir ki, bu proseslər çərçivəsində Ermənistan tərəfi də özünə yeni bir problem açmamaq üçün vətəndaşlarına pasport vermişdi və paralel olaraq qeyd edilmişdi ki, Qarabağdan gələn ermənilər üçün vətəndaşlıq verilməsi prosesi sadələşdiriləcək. Sadalanan məqamlar onu göstərir ki, bu proseslər daxilində həmin ermənilərə “məcburi köçkün” deyilməsi beynəlxaq hüquqa görə də, siyasi baxımdan da, faktiki olaraq da mümkün görünmür.