Təxminən, bir aydan sonra payız fəsli yerini qışa verəcək.
Amma hələ də paytaxt sakinləri payıza məxsus yağışlı, dumanlı, çiskinli günləri yaşamayıb. Payız aylarında havalar hər il olduğundan daha isti keçib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva mətbuata açıqlamasında oktyabr ayının temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən ay olduğunu bildirib:
“2012-ci ilin oktyabr ayında paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb. 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də 2023-cü ilin oktyabrını əminliklə ən isti ay adlandırmaq olar”.
Nazir müavini noyabrda da eyni tendensiyanın davam edəcəyini qeyd edib:
“Oktyabr ayının tendensiyası noyabr ayının ilk günlərində də davam edəcək. Havanın temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da noyabrın iqlim normasından yüksəkdir”.
Havaların isti keçməsi ölkədə istilik sisteminin bir qədər gec işə düşmə ehtimalını artırıb. Əhali arasında istiliyin hər il olduğu kimi noyabrın 15-də yox, daha gec verilməsi haqqında məlumat yayılıb.
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı açıqlamasında istiliyin eyni tarixdə veriləcəyini deyib:
“Bu il də istilik mövsümü Nazirlər Kabinetinin qərarına uyğun olaraq, noyabrın 15-də başlayacaq. Respublikanın 9 rayonuna ayın 1-də istilik verilib, noyabrın 15-i də bütün ölkəyə istilik veriləcək”. /Cebhe.info
Ətraflı