​“Öz fikrimdir” hipnozu – SƏNƏ DƏ AİDDİR - VİDEO

​“Öz fikrimdir” hipnozu
16:42 13.11.2023
1253 Maraqlı
A- A+
"Sürü psixologiyası" terminini yəqin ki hamınız eşitmisiniz.


Psixologiyada istifadə olunan bu termin, sadəcə, bir söz birləşməsi deyil, həyatımıza əhəmiyyətli dərəcədə təsir göstərən bir amildir.

 

 Sürü psixologiyasının insan həyatına təsirlərini izah etmək üçün liftdə maraqlı bir eksperiment keçirilib.
 


Təcrübə zamanı ilk olaraq liftə qara palto geyinmiş şəxs və daha bir neçə nəfər daxil olur. Qara paltolu şəxsdən başqa hamısı bir-birini tanıyan eksperiment iştirakçıları olur.
 

Onlar bilərəkdən arxalarını liftin qapısına tərəf çevirib eyni istiqamətdə dayanırlar. Paltolu şəxs əvvəlcə öz bildiyi kimi normal dayansa da, qısa müddət sonra onların dayandığı istiqamətə çevrilməyə başlayır.


Bu təcrübə bir neçə fərqli adamla həyata keçirilir və eksperimentlərin 90%-də eyni hal təkrarlanır. Liftə minən tək adam bir anda çoxluğa tabe olmağa başlayır. 


Liftə minən şəxsləri digərləri kimi eyni istiqamətdə dayanmağa vadar edən sürü psixologiyasıdır. 


Sürü psixologiyası hər hansı bir inanca, fikrə və yaxud da trendə bağlı şəxslərin sayının çoxluğundan asılı olaraq həmin obyektə olan marağın birdən-birə artması kimi izah oluna bilər. Belə bir psixoloji təsirə düşən zaman bir şeyə inanan insanların sayı artdıqca digər insanlar da sırf maraq artdığı üçün həmin gedişata özlərindən asılı olmadan qoşulurlar. 


Burada əsas məqam öz fikirlərimiz, öz doğru və yanlışlarımız, fikrin və ya şəxsin mükəmməlliyi deyil, çoxluğa etibar edərək sorğu-sualsız şəxsin sürüyə qoşulmasıdır. 

Siyasətdə, iş həyatında, modada, sosial həyatımızda sürü psixologiyasının nümunələrinə tez-tez rast gəlirik. Sürü psixologiyasına yönələn şəxslər düşüncələrini ağıl və məntiq süzgəcindən keçirmədən çoxluğa uyğunlaşmağa meyil edir. Yəni bu yerdə doğru olanın yerini məşhur olan tutur.


Onlar illüziyaya inanaraq özünə faydası olmayan və onu maddi-mənəvi zərərə salan seçimlər edə bilir. 


Hansımız hər kəsin almağa çalışdığı brend çantanı, qonşuların dayanmadan haqqında danışdığı yumurta soyan aparatı, "parlaq kəmərə ehtiyacım var" deyib özümüzü aldadaraq nələrisə almamışıq və ya almaq istəməmişik?! 

Cəmiyyət tərəfindən təsdiqlənmə ehtiyacımız və tənqid olunmaq qorxumuz bizi sürü psixologiyasına daxil olmağa sövq edir. Bu halda şəxs tək qalmaqdan qorxaraq öz şəxsi fikirlərinin bəyənilməyəcəyi inancı ilə hərəkət edir, özünü ifadə etməkdən çəkinir. 


Bu səbəbdən də özünəməxsusuluğu ilə birdəfəlik vidalaşıb eynilik və hamı kimi olmaq adiliyinin təsiri altına düşür. 
 

Belə vəziyyət qısa müddət ərzində insana rahatlıq gətirsə də, uzun müddətdə kifayət qədər zərərləri olur. 


İnsan psioloji olaraq tükənə bilir, olduğu kimi görünməməyin əzabını çəkməyə başlayır. Başqaları onun yerinə seçimlər edib onun yerinə danışdığı müddətdə onun öz şəxsiyyətindən əsər-əlamət qalmır.


İzlədiyiniz videoları, oxuduğunuz kitabları, dinlədiyiniz fikirləri süzgəcdən keçirin. Özünüz şahidi olacaqsanız ki, öz yolunuzda getməyin sizə hiss etdirdiyi özünəməxsus azadlıq sürüyə qoşularkən hiss etdiyiniz yalançı azadlıqdan çox daha dəyərlidir./Ölkə.Az
 

  •