Bakı-Ağstafa-Bakı marşrutu üzrə noyabrın 17-dən etibarən həftə sonlarında əlavə reyslər təyin ediləcək.
Sulh.info.az-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən verdiyi məlumata görə, hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.
Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.
Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keytrinq xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.