Sabah - 22 noyabr Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nurinin anım günüdür.
Yenisabah.az-a danışan mərhum sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva bununla bağlı Mədəniyyət Nazirliyinin heç bir planının olmamasından gileylənib. O, illərdir ki, mədəniyyət nazirinin qəbuluna düşə bilmədiyini deyib:
“Sabah Yaşar Nurinin anım günüdür, amma Mədəniyyət Nazirliyinin bununla bağlı hər hansı planı yoxdur, hələ ki, bununla bağlı nazirlikdən heç bir zəng almamışam.
İllərdir ki, Mədəniyyət Nazirliyində qəbula düşə bilmirəm. Keçmiş nazir gəldi, getdi, deyirlər yeni nazir çox kübar adamdır. Mən köməkçilərinə dəfələrlə zəng vurmuşam ki, nazirin qəbuluna düşmək istəyirəm, deyirlər ki, “Xəbər verərik”, “özünə deyərik”. Amma yəqin ki bunu nazirə çatdırmırlar, çatdırsaydılar nazir ən azından məni dinləyərdi. Hələ ki, heç bir xəbər çıxmayıb”.
Rəhimə xanım tək istəyinin sabah mərhum həyat yoldaşının anılması olduğunu bildirib:
“Vaxtilə Yaşarın çalışdığı Akademik Milli dram Teatrından da səs-soraq yoxdur. Teatrın adminstratoru Elnur var, həmişə mənimlə əlaqə saxlayırdı, çox səmimi insandır. İndi ondan da bir xəbər yoxdur. Vaxtilə efirdə Yaşarla bağlı gedən süjeti Elnura atmışam ki, Yaşarın anım günü olduğu yadına düşsün.
Mənə nə lazımdır ki, həyat yoldaşı olaraq tək istəyim odur ki, Fəxri Xiyabana gedib məzarı üstə gül dəstəsi qoyub Yaşar Nurinin xatirəsini yad etsinlər. Başqa heç nə istəmirəm.
Son illərdə mənim gileyləndiyim tək mövzu mərhum sənətkarın xatirəsini əbədiləşdirməklə bağlı olub. Mən heç vaxt şəxsi mətbəximi üzə çıxaran insan olmamışam, özüm üçün heç nə istəməmişəm. 40 ilə yaxın ailəli olmuşam şəxsi məsələləri yeri gələndə heç öz qızlarım da bilməyib. Bu günə kimi heç kəsə müraciət edib nə isə istəməmişəm. Mənim yeganə istəyim Yaşarın yaradıcılığı ilə bağlı olub. Çox istərdim ki, onun oynadığı filmlər, tamaşalar haqda proqramlar, süjetlər hazırlansın”.
O, telekanallarda maarifləndirici, mədəniyyətlə bağlı mövzuların müzakirə olunmasının cəmiyyətə daha faydalı olacağını qeyd edib:
“Bu gün telekanallarda o qədər sosial verilişlər, hay-küylər yayımlanır. Ondansa sənətkarların yer aldığı nümunəvi layihələri təhlil etsinlər, gənclərə tanıtsınlar, onlara baxıb örnək götürsünlər. Belə mövzulardan o qədər dərs götürmək olar ki, hətta insan xarakterini belə dəyişdirə bilər. Mütləq deyil ki, efirdə yalnız kiminsə boşanmağı, kiminsə evdən qaçmağı, yenidən evlənməyi müzakirə edilsin. Bu tamamilə başqa mövzudur, amma mədəniyyət hər zaman təbliğ edilməlidir. Bu, cəmiyyətin gələcəyi üçün lazımdır.
Mənim mədəniyyət nazirinin qəbuluna düşmək istəyim də məhz bu mövzularla bağlıdır. Şükürlər olsun, Yaşar hər zaman ən şanslı sənət adamlarından biri olub, bizim heç nəyə ehtiyacımız olmayıb. Uşaqdan tutmuş, nazirlərə qədər hər kəs onu sevirdi. Onun üzünə bağlı olan heç bir qapı olmayıb. Həm ailədə, həm sənətdə uğurlu insan olub, mənim heç vaxt yaşayışımla bağlı şikayətim olmayıb. Yaşar sağ olanda ona hər şey verilib, dəyərləndirilib. Söhbət dünyadan köçəndən sonra xatirəsinin yaşadılmağından gedir”.