​Bakının məşhur şuba oğrusu, Zinaida ilə eşq macərası... - Oğru dünyası

​Bakının məşhur şuba oğrusu,
13:59 22.11.2023
1915 Maraqlı
A- A+
“Zozulya” ilə xoş bir təsadüf nəticəsində tanış olduq.
 
 
1999-cu ilin noyabr ayının ortaları idi və mən hər bazar olduğu kimi, yenə Dağlı məhəlləsinə, “Mamlyuk” Cəbrayılla söhbətləşməyə, “Avtoritet” qəzeti üçün məqalə hazırlamağa yollandım. Cəbrayılın darvazasının qənşərindəki primitiv, yonulmamış taxtalardan düzəldilmiş skamyada oturub söhbətləşirdik ki, təxminən qırx yaşlarında, yaraşıqlı çöhrəli, mütənasib bədənli, mavi gözlü bir qadın bizə yaxınlaşdı. Ümumi salam verdikdən sonra "Mamlyuk"un qırxılmamış yanağından səmimi bir öpüş götürərək yanında əyləşdi.
 
– Çələbi, sənin haqqımda yazdığın məqalə səbəbli tanış olmuşam bu xanımla. “Zozulya” soraqlaşa-soraqlaşa, axtara-axtara tapıb evimizi, – Cəbrayıl kişi “LM” qutusunu çıxarıb yeni siqaret götürdü, əlindəki kötüyün oduna yandıraraq davam etdi: – O da mənim oturduğum düşərgələrin həndəvərindəki zonlarda bit əzib, balanda yeyib, çifir içib.
 
Qadın əlini mənə uzadaraq:
 
– Belənçik kişiləri yaşatdığınıza görə qəzetinizin əməkdaşlarına minnətdaram, – bir qədər ləhcə qarışıq təmiz azəri dilində pıçıldadı, səmimiyyət dolu təbəssümlə barmaqlarımı sıxdı, – Bunların həyatı tariximizin bir parçasıdır. “Mamlyuk” haqqında yazılanları həyəcansız oxumaq mümkün deyil. Yetim Hüseyni, Klaranı, TT Nərimanı, Novxanılı Əliqərdəşi, Mirsəmədi, Hikməti, Mamed Masallınskini yaxşı tanıyıram. Rəhmətlik Bəxtiyar, Ənvər, Cavanşir, Malış Söhbət, Naxçıvanlı Hüseyn əmiylə bacı-qardaş idik. Cəbrayıl əmi ilə tanışlığımdan lap məmnun qalmışam...
 
 
Soyuq idi. Bayaqdan ildırımlar üfüqü qılınclayır, qara buludlar külək atlarına minib Biləcəri tərəfə çapırdı. Qəflətən iri, dolu yağış damcıları asfaltı döyəclədi, leysana çevrildi.
 
– Bizim məhəllədə bir kafe var, yaxşı gürcü xəngəli, süfrə çaxırı verirlər, – Zinaida "Mamlyuk"un qoluna girərək ayağa qaldırdı, – Yalvarıram, etiraz eləməyin, gedək kafeyə, sakitcə oturub dərdləşək, – deyərək, yanımızdan ötən “Volqa”ya əl qaldırdı.
 
Axundov parkının həndəvərindəki kafeyə gəldik. Altı-yeddi stoldan yalnız birinin ətrafı dolu idi. Beş nəfər dolu bədənli gürcü kişi hay-harayla, sanki bir-biri ilə höcətləşirlərmiş kimi lap ucadan danışır, sağlıqlar deyir, yeyib-içirdilər.
Onlardan mümkün qədər aralıda stol seçib oturduq. Xəngəl və şərab sifariş verdik. Mamlyuk Yakutiyadakı düşərgədə başına gələn qəzavü-qədərdən danışır, mən dəftərçəmdə qeydlərimi yazır, Zinaida suallar verirdi.
 
Gürcülər artıq danışmırdılar, oxumağa başladılar. Əvvəlcə lap astadan səslənən beş nəfərlik xorun melodiyası yağışın dəmir örtüklü damı döyəcləməsini xatırladırdı. Müxtəlif ahəngli bu səs toplumu sonradan arxla axan suyun şırıltısına, daha sonra dağ selinin uğultusuna çevrildi.
 
Cəbrayıl susmuşdu, mən yazmırdım, Zinaida isə gözlərini yumub, rəngi ağarmış halda, heykəl kimi di¬kələrək qurumuşdu.
 
Bu melodiya sanki həyat naləsiydi! Bu melodiya etiraz yanğısıyla kükrəyən qiyam idi! Mənə elə gəlirdi ki, bu beşliyin hər biri başqa-başqa sözlərlə oxuyur, hərəsi öz dərdini, öz arzusunu, öz duasını izhar edir.
 
Mahnı kəsildi, gürcülər salonu tərk etdilər. Biz ovsunlanmış kimi lal-dinməz oturmuşduq. Zinanın gözlərindən yuvarlanan yaş damcıları yanağının ortasında ilişib qalmışdı. Cəbrayıl isə doluxsunan bəbəklərini gizlətmək üçün çənəsini sinəsinə dirəmişdi.
 
Zina dodaqları əsə-əsə:
– Məni buraya gətirən taleyimə minnətdaram, – deyib dəsmalını gözünə sıxdı. – Bu melodiya içimi tərpətdi, məni çox-çox uzaqlara – İrkutsk, Krasnoyarsk, Perm meşələrinin "bezmolviya"sına, qəm, vicdan qınağı, itkilərlə dolu bir dünyaya apardı. Bu dünya haqqında mən min dəfə özüm danışıb, özüm də qulaq asmışam. Ağrı-acılarımdan, fərəh və niyyətlərimdən həmişə kiməsə danışmağa fürsət axtarırdım...
... Və danışdı.
 
ZOZULYA
 
- 1971-ci ilin yayı... Babamın Şuşadakı evində anamla bir ay istirahətdən sonra Bakıya qayıtmışdıq. Məktəblərdə tətil sona çatırdı və biz - iki rəfiqə, Natəvan ilə mən isti, bürkülü gündən sonra bir qədər sərinləmək üçün dənizkənarı bulvara getməyi qərarlaşdırmışdıq. Biz nazla bir-birimizə söykənərək, başımızı dik saxlayıb, Dəniz vağzalından Azneft meydanınadək addımlayır, əllərində "Spidola" tutaraq dəstə ilə gəzən əyalət cavanlarının geyimindəki uyğunsuzluqları qulaqlarımıza pıçıldayaraq, uğunurduq. Yanımızdan qol-boyun olaraq ötüşən sevgililərin ləyaqəti haqqında mübahisələr edir, "əgər mən həmin qızın yerində olsaydım... " – deyərək, diskussiyalar aparırdıq.
 
Gəzə-gəzə evə qayıdırdıq. "Nizami" muzeyi yanındakı taksi dayanacağında sarı rəngli "Volqa"lar arasında al qırmızı rəngli bir maşın dayanmışdı. Maşının yanında dayanıb heyran-heyran onun salonuna, quruluşuna baxırdıq. İki oğlan bizə yaxınlaşdı. Salamsız-kalamsız onlarla oturub, gəzintiyə çıxmamızı təklif etdilər. Onlardan biri “Biz söz vermişdik ki, kim maraqlanıb maşınımıza diqqət yetirsə, onu gəzintiyə dəvət edəcəyik. Başqa niyyətimiz yoxdur. Sizin heç adınızı da soruşmayacağıq. Razı olun, qızlar, yoxsa ilk əhdim puça çıxar, qəzaya düşərəm”, – dedi.
 
O vaxt Bakıda "Jiquli" tək-tük hallarda gözə dəyirdi. Natəvanla başımızı aşağı dikib, tərəddüd içində kimin daha tez dillənəcəyini, "yox" deyəcəyini gözləyirdik. Heç birimizin səsi çıxmadığından, arxa qapını açaraq gülümsəyən oğlan:
 
– Əyləşin, qızlar, heç olmazsa, onca metr aparım sizi, – yalvarış dolu səslə dilləndi. Beləcə tanış olduq. Maşın Zöhrabın (sonralar öyrənmişdim adını) "Util idarəsində" işləyən atasınınkı idi. Hərdənbir Natəvan ilə birlikdə onlara qoşulub bulvarın yolaltı keçidinin girişindəki kafeyə, sosiska yeməyə toplaşardıq. Aramızda müxtəlif zarafatlar olsa da, dostluqdan savayı, heç bir hissiyyata yol vermirdik.
 
İki il çox sürətlə ötüşdü. Biz onuncuda oxuyanda Sərdar (Zöhrabın dostu) adamlarını göndərib Natəvanla nişanlandı və bununla da birlikdə gəzintimizə son qoyuldu. Nişanlanandan sonra şeh dəymiş qızılgül kimi qəşəngləşmişdi Nata. Sərdar ona pərəstiş edir, "ingilis ledi"si adlandırırdı. Məktəbi bitirdikdən iki ay sonra toyları oldu. Həmin gün mən Xalq Təsərrüfatı İnstitutuna ilk imtahanımı verib, "əla" almışdım.
 
İkinci imtahandan çıxıb Natəvangilə yollandım. Qayınanası qapının ağzından çəkilməyərək, fərəhlə: "Bal aylarını keçirmək üçün Pribaltikaya gediblər”, – dedi və sağ əlini başıma çəkib, – gün o gün olsun ki, sən də Zöhrabla belə bir səfərə yollanasan", – gülümsəyərək davam etdi: – "Hələ ki, o, turnelərə tək-tənha gedir".
 
– O nə turnedir elə? – deyə təəccüb içində soruşdum.
– Zöhrab da dünən Moskvaya uçdu.
 
Zöhrabla aramızda səmimi dostluqdan başqa bir şey yox idi. Əslində ona bir qədər yazığım gəlirdi. Bəzən çətinliyə düşəndə iş bacarmayan gəlin kimi çaşırdı.
 
Onunla bir də dekabrın sonunda, yeni ilə iki gün qalmış görüşdüm. Anamın tapşırığı ilə dəniz kənarındakı univermaqdan yolka bəzəkləri alıb, qoltuğuma vurmuşdum qutunu. Birdən qarşımda peyda oldu. Əla geyinmişdi. Mixəyi dublyonka və tünd mavi cins şalvar çox yaraşıqlı görkəm verirdi ona. Özümdən asılı olmayaraq, qışqırıb boynunu qucaqladım, göz yaşlarımı gizlətmək üçün üzümü dublyonkanın yumşaq yaxalığına söykədim. Qoltuğumdakı qutu yerə düşmüş, içindəki al-əlvan şarların hamısı xıncım-xıncım olmuşdu.
 
Qoluma girib:
 
– Gedək kafeyə, danış görək, kefin-əhvalın necədir? – dedi və biz geriyə, bulvara gedən yeraltı yolun yanındakı kafeyə üz tutduq. Bircə arzusu vardı Zöhrabın. Nəyin bahasına olursa-olsun, "Jiquli" almaq istəyirdi. Ancaq pul yığan deyildi. Cibində nəyi vardısa, son qəpiyinə qədər xərcləməmiş evə getməzdi. O vaxtlar "Jiquli"nin qiyməti 5600 manat idi. Adi baxışda heç nə...
 
– Sabah mənə lazımsan, Zina. Saat on ikidə-birdə... Gələ bilərsən? Kubinkaya getməliyik...
– Üçdən sonra olmaz? Üç qoşa saat mühazirə, biri də laboratoriya işi...
 
Sözümü tamamlamağa qoymadı:
 
– Xahiş edirəm, sabahkı günü mənə həsr et. Bir gün dərsə getmə, – deyə lap kiçik, tərs uşaq kimi yerində qurcalandı.
– Yaxşı, saat birdə haraya desən, gələrəm.
Səhərisi gün onunla birlikdə "Kömürçü bazarı"nın yuxarı qapısının yanında axsaq bir kişiyə yaxınlaşdıq.
– Norka şuba lazımdır, – deyərək başı ilə mənə tərəf işarə elədi, – neçəyə çıxır?
– Satmaq istəyirsən, yoxsa almaq?
– Satmaq istəyirəm, – əlindəki iri idman çantasını palçıqlı küçənin ortasına qoyub, qəhvəyi rəngli şuba çıxartdı.
– Təzəsini biz min iki yüzə veririk. Bu, geyilmiş maldır, beş yüzdən yuxarı getməz. Ağamusa, buna beş yüzdən çox verən tapılar? – deyə çağırdığının yetişməsini gözləmədən qışqırdı.
– Beş yüz? Nə danışırsan? Dörddən artıq qiymət verən olmaz. Komisiyonkalarda itinə tökdür belə şeylər. Nədir, geyilmiş maldır? – Ağamusa yaxınlaşıb norkanı saymazyana nəzərdən keçirdi, üz-gözünü qırışdırdı: – Yox. Getməz.
 
Zöhrab şubanı tələm-tələsik büküb çantaya soxmaq istəyirdi ki, axsaq kişi onun qolundan tutdu:
– Beş yüz əlli verim.
– Yox! – deyə Zöhrab qətiyyətlə cavab verib şubanı yenidən çıxardı, məni göstərib: – Həyat yoldaşımdır, cəmisi bircə dəfə geyinib. Tallindən, valyutnı mağazadan min dörd yüzə almışdıq. İnsaf da dinin yarısıdır axı. Yoxsa beş yüz?
– Yaxşı, altı yüz olsun. Sənin canunçün, bundan artığına gücüm çatmaz, – deyə Ağamusa əlini şubanın üstünə çəkdi.
 
Axsaq kişi ona tərs-tərs baxıb:
– Mən altı yarım verim. Nə deyirsən? Çox olsa, əlli manat qazancım olıcey, – Zöhrabın yenidən norkanı çantaya soxmaq istədiyini görüb, – yaxşı götürürəm, tərs adama oxşayırsan, 700! Allah xeyir versin!
 
Bütün bədənim qıc olmuş kimi quruyub qalmışdım. Geri qayıdanda özümü toplayıb: "Bu, nə deməkdir, Zöhrab? Niyə yalan danışır, şubanın mənimki olduğunu deyirdin?" – soruşdum. Dodaqlarım titrəyir, özümü hönkürməkdən güclə saxlayırdım.
 
– Borcum var, Zina, Moskvada qumarda uduzmuşam. Burada isə atamı işdən çıxarıblar, xəstəxanada yatır. Əgər iki həftəyə pulu yerinə çatdırmasam, öldürəcəklər məni... Oğurlamışdım şubanı. Bilirəm, yaxşı iş tutmamışam, ancaq başqa əlacım yoxdur. Yoxsa öldürəcəklər. Çox qansız adamlardır. Bu iki həftəni mənə kömək et, Zina. Ömrümün axırına qədər sənə borclu olduğumu unutmaram. Sabah görüşək, tezdən saat onda, "28 Aprel" metrosunun çıxışında, – dedi və Mərkəzi Univermağın yanında məndən ayrıldı.
 
Səhərədək yatağımın içində qovruldum. Göz qapaqlarım örtülür, ancaq yuxulaya bilmirdim. Saat onda görüşdük. Qoluma girib lətifə danışa-danışa AZİ-nin binasına tərəf apardı məni.
 
Paltolarımızı dəhlizin sol tərəfindəki qarderobda soyunub, fizika kafedrasının qarşısında dayandıq. Əlindəki ət qutabını çeynəyən bir oğlan tələsik Zöhraba yaxınlaşıb ciblərini qurdaladı, nə isə çıxarıb onun ovcuna basdı:
 
– Hələlik bunları götürün, – pıçıldadı, udqunaraq ovurdlarındakını içəri ötürdü.
Zöhrab acıqlı-acıqlı oğlana nəzər salıb qolumdan tutdu, geriyə qayıtdıq.
 
Qarderobun qarşısında dayanıb bütün bunların nə demək olduğunu fikirləşir, öz-özümü danlayırdım.
– Zina, götür də, nə xəyala getmisən? – deyə ərklə, amiranə səslə əlindəki qara, üstü zərli işləmələri olan dublyonkanı qucağıma basdı. Özü də başqa, sarı layka plaş geyinmişdi. Tərpənməyə heyim qalmamışdı. İndicə dizlərimin qatlanacağını, yıxılacağımı düşünürdüm. Ürəyim elə şiddətlə vururdu ki, sanki indicə sinəmdən çıxacaqdı. Az qala yerlə sürünəcək dərəcədə uzun olan dublyonkanı əynimə geyindirdi... Qapıyadək olan 30 metr məsafə mənə kilometrdən də uzun görünürdü. Dublyonka ayaqlarıma dolaşır, yaxalığından dərinin tükləri yüzlərlə iynə kimi boynuma sancılırdı...
 
Taksiyə əyləşəndə əsəbiliklə dublyonkanı çıxarıb, Zöhrabın üstünə atdım. "Sən əclafsan! Sən vicdansızsan, Zöhrab!" – deyib qışqırmaq istəyirdim, ancaq dodaqlarım titrəyir, hıçqırıq boğurdu məni. Hönkürüb ağlamağa, çiynimi qucaqlamaq istəyən qolu itələməyə başladım. Taksi "Parapet" (K.Marks) bağının yanı ilə MUM–a tərəf qalxırdı.
– Saxla! Saxla maşını!! – deyib qışqırdım. Elə bərkdən bağırmışdım ki, özüm də qorxmuşdum. Titrəyirdim. Hava da soyuq idi. Bağın içindən keçib evimizə tərəf irəliləyir, hıçqırıqlarıma yanımdan ötənlər ayaq saxlayırdılar. Qışın ortasında, nazik paltarda şəhərin mərkəzi ilə ağlaya-ağlaya qaçan qızı xəyalınıza gətirin...
 
Evə çatanda hiss etdim ki, bütün bədənim ağrılar içindədir. Başım, dişlərim, sümüklərim, əzalarımın hamısı sızıldayırdı. Axşama kimi nə uzana, nə də otura bildim. Nə haqda fikirləşdiyim də yadıma gəlmir. Gözlərimin qarşısında qığılcımlar oynayır, beynimdə bir-birini əvəzləyən məntiqsiz fikirlər dolaşırdı. Telefon dəfələrlə zəng vurmuşdusa da, dəstəyi qaldırmırdım. Əhvalım o qədər dalğın idi ki, hər dəfə qapıya gözüm sataşanda orada iki milis nəfərinin dayanıb, istehza ilə gülümsəyərək məni izlədiklərini zənn edirdim.
 
Axşam anam işdən qayıdanda üzümə baxıb, həyəcanla əlini alnıma qoydu. Bu təması gözləyirəmmiş kimi içimi dağıdan hıçqırtı ilə ağlamağa başladım. Başımı onun arıq çiyninə söykəyərək nə isə mızıldayır, ağzımın suyunu göz yaşlarıma qataraq onun üstünə axıdırdım.
 
Bu an telefon yenə səsləndi. Anam belimi qucaqlamış halda məni də özü ilə bir neçə addım apararaq dəstəyi götürdü:
– Kimdir? Zöhrab? Tanımıram. Zinanın paltosu? Gətirin.
 
Eşitdiyim axırıncı söz bu oldu.
 
Səhəri gün əsəb xəstəlikləri şöbəsində özümə gəldim. Anam başımın üstündə oturub mürgüləyirdi. Palatada daha iki qadın var idi. Onlar pıçıltı ilə danışır, xısın–xısın gülüşürdülər.
 
Tərpəndiyimi hiss edən anam gözlərini açdı, gülümsəyərək çarpayımın önündə diz çökdü, arıq barmaqları sinəmin üstündə gəzdi, yanaqlarımı, qaşlarımı sığalladı... Hönkürməmək üçün dodaqlarını dişləri ilə sıxıb başını sinəmə qoyub xeyli sakit dayandı.
 
Bir aydan da bir neçə gün artıq yatdım xəstəxanada. Semestr imtahanı və zaçotları yaya saxlatdım. Anam doğum evində şəfqət bacısı işləyirdi. Xəstəxanadan çıxdıqdan sonra birbaşa onun yanına yollanır, dərslərimi gah həkimlərin, gah da baş şəfqət bacısının otağında hazırlayır, anamla birlikdə evə qayıdırdım.
 
Yay imtahanlarımı da, qışdan qalan borclarımı da asanlıqla verdim. Anam növbəti məzuniyyətini götürüb, məni Soçiyə, dayımgilə aparmaq istəyirdi. Xəstəxananın baş həkimi isə nədənsə məzuniyyət məsələsini uzadır, hər dəfə işin çoxluğunu bəhanə gətirib, "bir həftə, cəmisi bircə həftə də dözün",– deyirdi. Yazıq anam hər gün gedirdi işə, istirahəti yox idi.
 
İsti, bürkülü iyul axşamı anamla qol-qola dənizkənarı parkda gəzişdikdən sonra evə dönmək qərarına gəldik. Bulvarın çıxışındakı skamyadan bir kölgə qalxdı...
– Zina! – deyə çılğın səslə qışqırdı.
Yer-göy başıma fırlandı. Unutdum bütün dünyanı və qarşımda dayanıb günahkar təbəssümlə gülümsəyən Zöhrabı qucaqladım. Özümü büsbütün unutmuşdum.
– Ana, bu odur! – dedim.
Zöhrab nə isə danışır, hər ikimizin qoluna girərək, bir qədər aralıdakı avtobus dayanacağına tərəf gedirdi.
– Mən heç nəyi qaytarmaq istəmirəm. Əsas məsələ budur ki, qayıdıb gəlmişəm. Qovsanız da, qapını kəsdirib dayanacağam, – deyə rabitəsiz sözlərlə qırmızı "Jiquli"nin qapılarını açıb, məni qabaqdakı oturacağa əyləşdirdi, – bilirəm ki, mənə inanmırsınız, fikirləşirsiniz ki, başqa niyyətlə gəlmişəm, – çeçələ barmağındakı nazik üzüyü çıxarıb, əlimdən yapışdı, zorla onu barmağıma taxmağa çalışdı, aramsız olaraq – "qayıtdım", "səninəm", "sevirəm", – deyir, yalvarış dolu baxışlarla anama baxırdı.
 
Sözlər isti yağış kimi ələnirdi başıma. Beynimdən "Allah xətrinə, Zöhrab, dayan, uydurma, saxta hisslərə qapılma" demək keçsə də, onun səsinin ahəngində, atəşində mum kim əriyir, ona "rədd ol!" – deyə bilmirdim. Anam da səsini çıxarmırdı. Zöhrab bizi lap binamızın yanına gətirdi. "Sabah axşam gələcəyəm, adamlarımla" – deyib, qaranlığa qarışdı. Onun barmağıma keçirdiyi üzük ovcumda idi.
– Bunu qaytara bilmədim, ana, – pıçıldadım.
Anam bir qədər hirslə:
 
– Axı tələbin nədir? Həyat özü gəlib sənin yan-yörəndə dolaşır, sənsə naz edirsən. Belə getsə, axırı hara çıxacaq? Xalan kimi qız qarımaq istəyirsən?– dedi, tələsik mətbəxə yollandı.
 
 
Mən qışqırmaq, təpiklərimi döşəməyə, yumruqlarımı divara çırpıb: "Axı o, oğrudur, ana, qumar həvəskarıdır!" – bağırmaq istəyirdim. Ancaq səsimi çıxarmadım...
 
Səhərisi gün mən yuxudan oyananda anam işə gedib icazə almış, bazarlıq edib qayıtmışdı. Zöhrabın adamları gəlməlidirlər. Ancaq tək özü gəldi. Atasını iflic vurmuşdu. Anam bundan bir qədər pərişan olsa da, mən rahatlandım.
 
– Dina Qriqoryevna, biz Zinaida ilə sabah ZAQS-a ərizə verməyə gedəcəyik. Təxminən saat on birdə gəlsəm, necədir?
Anamla mən bir-birimizə baxıb qucaqlaşdıq... ağladıq.
Səhəri gün də anam işə getmədi. Ərizə verib bizim evə gəldik. Anamın sevincinin hüdudu yox idi.
– Yaxşı ki, səni Soçiyə, dayıngilə aparmağa imkan olmayıb. Bu da bir taledir, qızım, – deyib çiyinlərimi qucur, fəxrlə Zöhrabın təbəssüm dolu üzünə baxırdı.
– Mən də elə onu demək istəyirdim, Dina Qriqoryevna. Zinaidanı mən özüm apararam dayısıgilə, – anamın birdən-birə ciddiləşən sifətindən təşvişə düşərək tələsik əlavə etdi, – heç narahat olmayın, qızınız necə gedəcəksə, həmin üzlə də qayıdacaq, – dedi. – İcazə olar?
 
Anam şübhə qarışıq təbəssümlə üzümə baxdı, sanki "özün necə fikirləşirsən?" sualı ilə dolmuşdu gözləri.
– Olsun, ana, bu da taleyimə yazılıb, yəqin, – dedim.
 
Elə həmin axşamı hazırladığımız xörəklərdən götürüb, «Jiquli» ilə yola düşdük. Tbilisiyə çatanda artıq dan yeri ağarırdı. Ancaq dayanmadıq. Potiyə qədər yolu gah mən, gah da Zöhrab sürürdü maşını. İki gün Suxumidə dincəldik. Və Zöhrab maşını orada üç min manata satdı. Pulu qurtarmışdı.
 
"Abxaziya" mehmanxanasında hər birimizə ayrı-ayrılıqda nömrələr götürmüşdü. Axşam barda rəqs etdiyimiz zaman:
– Zina, gəl elə indi Moskvaya uçaq. Bir həftə sonra Azərin toyudur, – deyə qulağıma pıçıldadı, yumşaq bığları üzümü qıdıqladığından bütün bədənimi xırda titrətmə tutdu.
– Yox, Zöhrab, gəl elə indi Leninqrada uçaq. Orada mənim nənəm və qocalıb qarımış xalam var. Gedək onlara səni göstərim.
– Əvvəl Moskvaya uçaq, Zinka.
– Yox, Leninqrada uçaq, – deyib, uşaq kimi dabanlarımı döşəməyə çırpdım.
– Olsun, get yığışdır çamadanlarını.
 
Bir saat sonra biz aeroportda idik...
 
Təyyarə Leninqradda hava limanına enəndə yağışın səsindən başqa heç nə eşidilmirdi. Bədənimdən üşütmə keçdi. Elə bil məni Afrikadan birbaşa Sibirə atmışdılar. Soyuqdan büzüşmüş Zöhrab da boynunu çiyinləri arasına çəkib dayanmışdı.
 
Çamadanlarımızı götürmək üçün torla hasarlanmış sahəyə girdikdə ardımızca üç milis nəfərinin də addımladığını gördüm. Qanrılıb Zöhraba baxanda onun qar kimi ağardığının şahidi oldum. Bu an milis işçiləri Zöhrabı qamarladılar:
– Zoxrab Aliyeviç Quseynov? Vı arestovanı! – səsi qulaqlarımda uzaqlarda çaxan ildırımın şaqqıltısı kimi əks-səda verdi...
 
Çamadanlarımı alıb içindəkiləri bir-bir yoxladılar. Alt paltarlarımı milis işçiləri o üz-bu üzə baxıb çevirdikcə başım partlamaq dərəcəsinə gəlirdi, dünyada hamıya - Zöhraba da, özümə də nifrət edirdim!
 
Onu UAZ maşınına basıb apardılar. Elə bil presləyib balacalatmışdılar Zöhrabı. Mənə elə gəldi ki, maşına qalxmağa da taqəti qalmamışdı. Ona həm yazığım gəlir, həm də acığım tuturdu. Gecədən xeyli keçmiş nənəmlə xalamın yaşadıqları mənzilə çatdım. Başım ağrıdan çatlayır, dilim söz tutmurdu.
 
Az sonra yanımda yarımçılpaq dayanaraq hey suallar yağdıran nənəmin üstünə qışqırdım. Yumruqlarımı stolun üstünə döyəcləyib: "Bəsdir! Bəsdir, sakit buraxın məni!" – deyərək, onları yataq otağına qovdum. Hönkürmək, dəlicəsinə ağlamaq, ətrafımdakı hər şeyi sındırmaq keçirdi könlümdən. Gözlərim qupquru idi. Səhərədək nənəm belimi qucaqlayaraq, yanımda oturdu. Başıma gələnləri onlara danışanda artıq günəş şüaları pəncərədən içəri süzülürdü./bakupost.az