​"Anan heç müqəddəs adam olmayıb" deyən bibisinin şah damarını kəsdi - Təfərrüat

​
14:00 22.11.2023
1910 Hadisə
A- A+

Bibisini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Orxan Allahverdiyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Sulh.info.az olke.az-a istinadən  xəbər verir ki, Sabunçu rayonu Leyla Məmmədbəyova 6d ünvanında 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Hadisə yerinə və meyitə baxış zamanı qadının baş və bədən nahiyəsinə çəkic və bıçaqla çoxsaylı zərbələr vurularaq qətlə yetirilməsi müəyyən edilib.

 
 
 

Orxan Allahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

O bildirib ki, bibisi ilə münasibətləri bibisinin həyat yoldaşının onun anası haqqında dediyi sözlərdən sonra pozulub. Belə ki, Orxanın atası anasının ikinci həyat yoldaşı olub.

"Anam haqqında nalayiq sözlər işlətdi. Dedi ki, sənlə qardaşın başqasının artığından olub. Mən də bibimə dedim ki, sən niyə buna bu qədər üz verirsən ki, o bizim haqqımızda belə şeylər danışır. Mənə də imkan vermirsən ki, özüm onunla danışım. O da mənə dedi ki, sənin də anan heç müqəddəs adam olmayıb". 

Orxan Allahverdiyevin deməsinə görə, bibisinin sözləri ona pis təsir edib. Bu səbəbdən də həmin gecə onun gözünə yuxu getməyib. Gecə saat 2 radələrində bibisini öldürmək qərarına gəlib. Həyətə düşərək çəkici götürüb bibisi yatan otağa gəlib. Əlində çəkic otağa daxil olan zaman qadın oyanaraq onu görüb. Bu zaman Orxan Allahverdiyev küt alətlə bibisinin başına bir neçə zərbə endirib. 

Çəkiclə vurduğu zərbələrdən ürəyi soyumayan Orxan Allahverdiyev mətbəxə bıçaq arxasınca gedib. Mətbəxədən götürdüyü bıçaqla bibisinin şah damarını kəsib. Qadının öldüyündən əmin olandan sonra evi tərk edib. Lakin bir gün sonra saxlanılaraq istintaqa təhvil verilib. 

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ittiham üzrə özünü təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.