​"Azərbaycan əməkdaşlığa açıq dövlətdir"

​
17:47 13.05.2024
1392 Siyasət
A- A+

May ayının 10-da Azərbaycan xalqı Qarabağın tacı Şuşada daha bir tarixi hadisənin şahidi oldu. Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu, tarixi ədalətin növbəti təntənəsidir. Bir məqamı xüsusilə qeyd etməliyik ki, Şuşaya ilk köçün məhz Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümündə baş tutması xüsusi rəmzi məna daşıyır və Onun ruhuna ən ali ehtiramın təzahürüdür.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Şuşada şuşalılarla görüşündəki çıxışında bir çox mühüm məqamlara toxunan, önəmli mesajlar verən cənab Prezident İlham Əliyev Azərbaycanın qazandığı tarixi qələbəyə xüsusi toxunmuşdur: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”. Əlbəttə, bu çox önəmli məsələdir. Azərbaycan 44 günlük Vətən müharibəsində və ondan sonrakı proseslərdə heç bir xarici dəstəyə arxalanmadan öz haqq işi uğrunda mübarizə aparıb və qalib gəlib. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət bütün dünyada heyranlıq, qibtə və qısqanclıqla izlənir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq siyasi proseslərdə önəmli aktor və etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.

Şuşada həyata keçirilən quruculuq işlərinə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycanın digər işğaldan azad olunan bölgələrində olduğu kimi Şuşada da geniş quruculuq işləri həyata keçirilir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan bütün bu infrastruktur layihələrini özü təkbaşına, heç bir yerdən yardım olmadan həyata keçirir. Qurub-yaradan Azərbaycan xalqı hər zamankı kimi dövlətimizlə həmrəylik nümayiş etdirərək, bütün dünyaya öz gücünü göstərir. Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda həyata keçirilən geniş infrastruktur layihələri bütün dünyada heyranlıqla izlənilir. Cənab Prezidentin də dediyi kimi “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq”.

Cənab Prezidentin çıxışında toxunduğu bir digər önəmli məqam isə regionda marağı olan xarici qüvvələrlə əlaqədar idi. Beləki, ölkə Başçısı Fransa və Amerikaya açıq mətnlə dövlətimizin mövqeyini çatdırmışdır. O, çıxışlnda deyib: “Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”.  Ümid edirik ki, ölkə Başçısının bu sözləri qısa zamanda sözügedən ölkələrin Cənubi Qafqaz siyasətinə öz təsirini göstərəcək. Birmənalı olaraq, Cənubi Qafqaz regionunda marağı olan güclər başa düşməlidir ki, burada Azərbaycanın iradəsindən kənarda nə isə baş verə bilməz. Azərbaycan əməkdaşlığa açıq dövlətdir. Azərbaycan özündə sülh və xoş niyət ehtiva edən bütün təşəbbüsləri hər zaman dəstəkləməyə hazır humanist bir dövlətdir. Millət vəkili Tamam Cəfərova belə deyib.