​Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı

​Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
11:37 27.05.2024
2658 Qarabağ
A- A+

 Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri bütün sahələrdə əməkdaşlığı daha da möhkəmləndirib

 Tacikistan-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu təməl Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Çünki Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun hələ Ulu Öndər Heydər Əliyevlə dəfələlər görüşləri olub. Bu gün Tacikistan rəsmiləri Ulu Öndər Heydər Əliyevin bu ölkəyə olan münasibətini məmnunluqla yada salırlar. “Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan “Nurek” Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin yaxşılığını unutmayacaq”. Tacikistan Prezidenti Emoməli Rəhmon bu fikirləri 2009-cu ildə Tacikistanda keçirilən Beynəlxalq simpoziumda bildirib.

Hazırda Azərbaycan-Tacikistan əlaqələri dövlət başçılarının dostluğu və müntəzəm qarşılıqlı səfərləri ilə ildən-ilə genişlənir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Bu diplomatik əlaqələrin əsası qoyulandan bütün sahələrdə eyni səviyyəli əməkdaşlıq davam etdirilir. Xüsusən mədəni mübadilənin dinamikası daha da çox özünü büruzə verir. Bu da mədəni əlaqələrin yüksək səviyyədə inkişafının göstəricisidir.

 Artıq dövlətlərarası münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən sənəd var. Bu sənədi mayın 23-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon imzalayıblar. Həmin gün Azərbaycanla Taxikistan arasında ədliyyə,  ətraf mühit, iqtisadi, rəqəmsal inkişaf, nəqliyyat, sənaye mülkiyyətinin mühafizəsi, informasiyanın texniki mühafizəsi sahələrində əməkdaşlıq haqqında sazişlər də imzalanıb. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsinin iki dövlətin münasibətlərinin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirdiyini vurğulayıb: “Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək”.

Mayın 20-də Bakıda keçirilən biznes-forum iqtisadi əməkdaşlığın dərinləşməsinə və dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq. Çünki Tacikistanla Azərbaycanın iqtisadiyyat və nəqliyyat-logistika sahəslərində əməkdaşlığı üçün çox böyük potensial var. Dövlətimizin başçısının dediyi ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır. Rəsmi məlumatlara görə 2024-cü ilin yanvar-aprel ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 78% artıb. Xatırladaq ki, biznes-forumda Azərbaycanın əlverişli işgüzar mühiti, nəqliyyat-logistika potensialı, işğaldan azad edilmiş ərazilərimizdə, sənaye parklarında sərmayədarlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib, həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, tacikistanlı həmkarlar və iş adamları fəal tərəfdaşlığa dəvət olunub.

Yeri gəlmişkən, Prezident İlham Əliyev tacikitanlı həmkarını noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə də dəvət edib: “İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”.

Göründüyü kimi, dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri bütün sahələrdə əməkdaşlığı daha da möhkəmləndirib. Bu baxımdan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonın Azərbaycan səfəri çərçvəsində aparılan müzakirələr, həmçinin qəbul edilən qərarlar qardaş dövlət və xalqlarımızın maraqlarına xidmət edir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent