Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə yenə jurnalistlər buraxılmayıb.
Məhkəmədə zərərçəkmiş Zaur Əliyev vəsatətlə çıxış edib. O bildirib ki, təqsirləndirilən M.Şıxəliyevlə prosesə sədrlik edən hakim E.Allahverdiyev eyni qurumda işləyib.
Z.Əliyevin sözlərinə görə, hakim vaxtı ilə sabiq MTN generalının rəhbərliyi altında çalışıb:
“Məhkəmə kollegiyasından xahiş edirəm ki, hakim Elbəy Allahverdiyev dəyişdirilsin”.
Vəsatət təmin edilməyib.
Daha sonra digər zərərçəkmiş Hüseyn Səfərov hakimə etiraz edib. O, hakimi təqsirləndirilən şəxsi müdafiə etməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini söyləyib.
Bu zaman prosesdə səs-küy yaranıb. Hakim isə H.Səfərovu zaldan çıxardıb.
Prosesdə zərərçəkmişlər məhkəmə zalını tərk ediblər və onlar iclasda iştirak etməkdən imtina etdiklərini deyiblər.
Növbəti proses noyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.