Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Bu barədə SÜLH.İNFO.az-a Gəncə İH-dən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər icra başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib, onun vəziyyəti ilə maraqlanıb. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Həkimlərin verdiyi məlumata görə, hazırda onun vəziyyəti yaxşıdır.
“Vüsalə Məmmədova dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb. Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti mənzil kirayəsinin ödənilməsi və ərzaq üçün maddi yardım edib, məişət avadanlıqları ilə bağlı isə YAŞAT Fondu müvafiq qaydada dəstək göstərib”.
Qeyd edək ki, ötən gün yayılan məlumata görə, şəhid Sahib Həsənovun anası Vüsalə Məmmədova dərman içərək intihara cəhd edib. Yaxınları bildirir ki, o, kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir. Bir il ərzində Gəncənin icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq, başçı onu qəbul etməyib. V. Məmmədova başçının etinasızlığı və laqeydliyindən bezərək intihara cəhd etdiyi iddia olunub.