Bu gün "Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 7 il ötür.
SÜLH.İNFO.az xəbər verir ki, 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən "Report” İA ötən yeddi il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
Hazırda "Report”un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.
SÜLH.İNFO.az kollektivi "Report” İnformasiya Agentliyini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyir!