“Mən şəxsən Ermənistanın Sünik rayonundan qoşunların çıxarılması əmrini vermişəm”.
SÜLH.İNNFO.az Redaktor.az–a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 27-də Ermənistan Milli Assambleyasının iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların bərpasının qarşısını almaq məqsədilə verilib.
“Biz istədik ki, heç olmasa müvəqqəti olaraq strateji əhəmiyyət kəsb edən yolu itirməyək”, – Paşinyan izah edib.
O cümlədən, deputatlar qeyd ediblər ki, Azərbaycan sərhədçiləri dekabrın 18-də qoşunların çıxarılması ilə bağlı verilən əmrdən dərhal sonra Sünikdə (Zəngəzur) peyda olublar. “Bu, ötən il noyabrın 9-da üçtərəfli bəyanatda nəzərdə tutulmayıb. Bununla bağlı sual yaranır: qoşunların çıxarılması əmri şifahi idi, yoxsa yazılı? Belə bir əmr verənin adı nədir? Bu qərar qəbul edilməzdən əvvəl Təhlükəsizlik Şurasının iclası çağırılıbmı?” – deyə müxalif “Ermənistan” blokundan olan deputat Anna Qriqoryan soruşub.
Baş nazirin cavabı özünü çox gözlətməyib.
“Sünikə gəlincə, mən nə vaxtsa bu qərara görə məsuliyyətimi inkar etmişəmmi? Yazılı yoxsa şifahi? Qərarlar prosedura uyğun olaraq verilir. Müzakirə olubmu? Bəli. Təhlükəsizlik Şurasının iclası olmadı, amma bu müzakirədə Təhlükəsizlik Şurasının bütün üzvləri, Sünik vilayətinin qubernatoru, heç nə bilmədiyini deyən xarici işlər naziri və nazir müavini iştirak etdi. Müzakirə hökumət binasında baş tutub. Qərar verildi. Biz növbəti müharibədən qaçmaq istəyirdik. Və bu qərar qəbul edilməsəydi, döyüşlər yenidən güclənəcəkdi. Onda, doğrudan da, Sünikdə ciddi problemlər yaşayardıq. Biz onlarla kilometr irəlidə idik, lakin təəssüf ki, uzaqlaşmalı olduq”, – deyə hökumət başçısı bildirib.
Paşinyan qeyd edib ki, qərar danışıqlar prosesinin nəticələrinə uyğun olaraq qəbul edilib:
“7 rayonun köçürülməsi ilə bağlı razılaşmamız var idi. Bunlar inzibati ərazi bölgüsü haqqında qanunda göstərilib”, – Baş nazir deyib.
Hökumət rəhbəri etiraf edib ki, qoşunların çıxarılması ilə bağlı sərəncam şəxsən ondan gəlib və bu sərəncamın icrasını keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan öz üzərinə götürüb.
“Bu qərara və Sünikdəki vəziyyətə görə şəxsən mən tam məsuliyyət daşıyıram”, – Paşinyan deyib.