Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət (Respublika) bayramıdır.
SÜLH.İNFO.az xəbər verir ki, qardaş ölkədə respublika üsul-idarəsinin qurulmasının 98-ci ildönümü geniş şəkildə qeyd olunur.
Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək, Türkiyə Cümhuriyyəti elan olunması münasibəti ilə qeyd edilir.
Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olub. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 80 milyon nəfər, paytaxtı Ankara şəhəridir. Prezident üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.
Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.
SÜLH.İNFO.az olaraq Türk xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edirik.