​VƏTƏN MÜHARİBƏSİ HƏRBİ-SİYASİ GÜC STRATEGİYASININ NƏTİCƏSİ KİMİ

​VƏTƏN MÜHARİBƏSİ
11:08 29.10.2021
534 Qarabağ
A- A+

Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən Müharibəsinə qədər Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regionun geostrateji cəhətdən təhlükəsizliyi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələlərindən biri olmuşdur.

Bu sözləri AMEA-nın dissertantı, tarixçi  Ramil Allahverdiyev SULH.INFO.az üçün hazırladığı  məqaləsində bildirmişdir.

Məqaləni təqdim edirik:

Region üçün ən böyük təhdid sayılan Ermənistanın təcavüzkar siyasəti, erməni terroru və Dağlıq Qarabağda silahlı qrupların fəaliyyətinə nəzarət, həmçinin israrlı olaraq öz təcavüzkar siyasətini davam etdirməsi, Cənubi Qafqazın bir geosiyasi sistem olaraq özünütənzimləməsinə ciddi maneçilik törədirdi.

Münaqişənin həlli və ərazi bütövlüyünün təmin olunması istiqamətində Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə uzun illər danışıqların nəticəsiz qalması, bir daha göstərdi ki, Azərbaycan üçün qlobal təhlükəsizlik kontekstində regionda təhlükəsizliyin təmin edilməsinin hərbi-siyasi həlli yolundan başqa digər yolu yoxdur.  Bu üsulun səmərəliliyi aprel müharibəsində açıq hiss edildi. Həmin dövrdə rəsmi İrəvan dərhal barış yolları axtarmağa başladı.

Bu mexanizmin əsası Azərbaycan dövlət başçısının uzaqgörən siyasətinin nəticəsində, diplomatik danışıqlarla paralel olaraq hərbi cəhətdən güclənmənin həyata keçirilməsi ilə qoyulmuşdur. Bundan sonra qlobal təhlükəsizlikdə ciddi rol oynayan böyük dövlətlərin təzyiq faktoru önə çıxmalı idi. Konkret desək, onlar Ermənistanı sülhə məcbur etməli idilər. Lakin bu istiqamətdə əsaslı fəaliyyət sona qədər gözə çarpmadı.

Artıq Azərbaycan regionun təhlükəsizliyi ilə bağlı münaqişənin sülh yolu ilə həll olunması istiqamətində çoxşaxəli fəaliyyət göstərməklə faktiki olaraq öz funksiyasını layiqincə yerinə yetirmişdir. Bir daha təstiq olundu ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişənin sülh yolu ilə həll olunmasında bütün qeyd edilən labüd faklarla yanaşı, paralel olaraq hərbi cəhətdən güclənmə siyasətinin həyata keçirməsinin müstəsna  dərəcədə əhəmiyyəti vardır.

 

Azərbaycanın hərbi cəhətdən güclü olmaq strategiyasının vacibliyi, həm ərazi bütövlüyünün bərpası, eyni zamanda  burada olan beynəlxalq nəqliyyat-enerji lahiyələrinin infrastrukturunun təhlükəsizliyi baxımından ona etibarlı və dayanıqlı beynəlxalq partnyor imicinin qorumaqda maraqlı olması ilə izah edilir.  Etibarlı və dayanıqlı tərəf müqabili öhdəliklərinin  davamlı həyata keçirilməsi getdikcə ölkənin nüfuzunu artırmış və bununla da Azərbaycanın hərbi cəhətdən güclənmək strategiyasının həyata keçirilməsi üçün  iki əsas səbəbi yaratmışdır:

    1) Hərbi təhdid səbəbləri;

    2) Regional və geosiyasi səbəblər:

1) Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin süni danışıqlarla uzanması və Azərbaycanın ərazi bütövlüyünə birbaşa yeni təhdidin mövcudluğu imkanlarının yaranmasının reallığa çevrilə bilməsi;

2) Beynəlxalq nəqliyyat və enerji lahiyyələrinin təhlükəsizliyində etibarlı və dayanıqlı tərəf müqabili imicinin dayanıqlığının gücləndirilməsi: Məhz bu səbəblərdən irəli gələn milli hərbi güclənrmə strategiyasının  Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hərbi yolla bərpa edilməsi ilə həll olunması proqnozunun özünü doğrultması:

         Azərbaycan dövlətinin hərbi güclənmə strategiyasının nəticəsi olaraq düşmənlə bilavasitə təmas xəttində əməliyyat taktiki baxımdan  yenilənmə həyata keçirildi. Bu yenilənmə aprel 2016-cı ilədək olan düşmənlə bilavasitə təmas xəttində fasiləsiz müdafiə strategiyasının, düşmənin təxribat xarakterli əməliyyatlarının qarşısının alınması və əks hücumların təşkili strategiyasına əvəzlənməsi ilə  xarakterizə olunur.

Hərbi güclənmə strategiyasının  yeni  üstün taktiki göstəricilərinin Azərbaycan dövlətinin münaqişəni hərbi yolla həll etməsinə uyğun olan aşağıdakı cəhətləri də mütləq nəzərə alınmalıdır:

1)  Azərbaycan əsgərinin təminat,  mənəvi psixoloji və döyüş hazırlığının yüksək olması;

2) Azərbaycan ordusunun müasir silahlara  malik olması, eyni zamanda şəxsi heyətin  ondan yüksək peşəkarlıqla istifadə edə bilməsi;

3) Ordunun Komandir və şəxsi  heyyətinin peşəkarlığı,  vəziyyətin düzgün təhlili, monitorinq, qiymətləndirmə, planlaşdırma və operativ qərar qəbul etmənin müasir (ən müasir texniki avadanlıqlardan istifadə etməklə personal itkisinin minumuma endirilməsi) hərbi standartların tələblərinə uyğun olması:

Aqressivlik, qeyri konstruktiv bəyanatlar, Ermənistanın bir daha konfliktin həllində sülh danışıqları formatında münaqişənin həlli arzusunun olmadığını göstərdi. Belə halda BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələrinin 27 ildir icra olunmadığından, onun özü tərəfindən icra edilməsi üçün tam əsaslar yaranmışdır.

Azərbaycan Respublikası öz silahlı qüvvələrindən və hərbi birləşmələrdən istifadə etməklə bu qətnmələrin icrasını həyata keçirərək Beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyünü bərpa etmək üçün öz torpaqlarını işğalçı Ermənistanın silahlı və xarici muzdlu qüvvələrindən təmizləməyə başlaması hüquqi və siyasi baxımdan zəruri addım idi. Hərbi strategiya baxımından  Azərbaycan buna hazır idi.

2020-ci ilin sentyabrın 27-də başlanan erməni təxribatı Azərbaycan ordusunun yuxarıda qeyd edilən hərbi strategiyaya uyğun olaraq əks hücumu ilə yaşayış məntəqələrinin ardıcıl olaraq işğaldan azad edilməsi əməliyyatı  başlandı. 44 gün davam edən şiddətli döyüşlərdə Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Suqovuşanı (keçmiş Madagez), Cəbrayıl və onun kəndlərini, Xocavənd şəhəri və kənlərini, Fizuli şəhəri və kəndlərini, Zəngilan şəhəri və kəndlərini, Qubadlı şəhəri və kəndlərini, həmçinin müqəddəs şəhərimiz olan Şuşanı düşməndən azad etməyə şərait yaratdı.

10 noyabr 2020-ci ildə Ermənistan Azərbaycan və Rusiya dövlət rəhbərlərinin iştirakı ilə üçtərəfli bəyanat imzalanmış, bu bəyanata görə Ermənistan baş naziri N.Paşinyan qısa müddətdə Azərbaycanın digər işğal olunmuş Kəlbəcər Ağdam və Laçın rayonlarının boşaldılıb Azərbaycana verməsini öhdəlik olaraq qəbul etmiş, bununla bağlı vaxt cədvəli ilə razılaşmaya imza atmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu bəyanat xalqımıza elan edilmişdır. Hüquqi baxımdan  imzalanmış bu bəyanat Ermənistanın məğlubiyyətinin rəsmiləşdirilməsinin ilkin faza sənədi kimi qiymətləndirilir.

16 noyabr 2020-ci il tarixdə şanlı ordumuz tərəfindən işğaldan azad olunmuş rayonlara ilk dəfə  səfər edən ölkə başçısı  Prezident İlham Əliyev Fizuli və Cəbrayıl rayonlarında olmuş və düşmən tərfindən dağıdılmış bütün ərazilərin yaxın gələcəkdə bərpa olunacağını bildirmişdir. Ölkə başçısı həmçinin beynəlxalq və yerli mütəxəsislər tərəfindən yaşayış yerlərinə vurulmuş ziyanın qiymətləndiriləcəyini və buna  görə Ermənistan tərəfinə təzminat iddiasının qaldırılmasını  da öz çıxışında vurğulamışdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişənin hərbi-siyasi yolla həll olunması  barədə, 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etdiyi görüşdə, Azərbaycan Respublikasının Prezident İlham Əliyev demişdir.  “Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.

Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim:  Var!

Tarix göstərdi ki, mən haqlı idim. Var idi! “Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.

Nəticə olaraq qeyd etmək lazımdır ki, Cənubi Qafqazda təhlükə və təhdidlərin mənfi təsirləri Vətən Müharibəsindən sonra  neytrallaşdırılsa da, regionda sülhün və sabitliyi təmin edən mexanizmlərin səmərəliliyinin artırılması yenə də  vacib şərt olaraq qalmaqdadır.

 

      Ramil  Allahverdiyev

      AMEA-nın Disertantı