​Bu, qardaşlığımızın yeni nümayişi idi

​Bu, qardaşlığımızın yeni
17:26 29.10.2021
257 Siyasət
A- A+

Türkiyə Cümhuriyyətinin 98 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan rifah və quruculuq yolu türk xalqının nələrə qadir olduğunu dünyaya göstərmişdir. Xüsusən, son illərdə Türkiyə Cümhuriyyəti türk dünyasının böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçmişdir. Cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrət doğuran uğurlar qazanılıb.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir:

"Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür”.

S.Qafarova qeyd edib ki, xalqlarımız XX yüzilin əvvəllərində Çanaqqala savaşında da, Bakının erməni-bolşevik zülmündən və əsarətindən xilas edilməsi uğrunda döyüşlərdə də, 2020-ci ilin sonlarında erməni faşizminə qarşı Vətən müharibəsində də bir idilər, bu gün də birgədirlər, həmişə birlikdə olacaqlar.

Spikerin sözlərinə görə, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaratdı:

"Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir. Bunu da qürurla söyləmək olar ki, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyun ayında Şuşanı ziyarət etmələri, iki dövlətin müttəfiqlik əlaqələri haqqında Şuşa bəyannaməsinin imzalanması, bu günlərdə isə dövlət başçılarının Füzulidə beynəlxalq hava limanını açmaları, Zəngilanda Azərbaycanla Türkiyəni bir-birinə daha sıx bağlayacaq Zəngəzur dəhlizinin təməlini qoymaları, digər böyük layihələrin icrasına xeyir-dua vermələri xalqlarımızın dostluq və qardaşlığının yeni bir nümayişi oldu"