Son günlər dünyada, eləcə də region ölkələrində koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Xüsusilə də koronavirusun "delta" ştamından daha yoluxucu olan yeni növün yayılması dünyada epidemioloji vəziyyəti daha da mürəkkəbləşdirir.
SÜLH.İNFO.az xəbər verir ki, qonşu Rusiyada son günlər demək olar ki, koronavirusa yoluxma rekordu hər gün yenilənir.
Son sutka ərzində burada 40 mindən çox insan COVID-19-a yoluxub ki, bu da rekord göstərici hesab edilir. Ötən gün Rusiyada 1159 nəfər koronavirusdan dünyasını dəyişib. Epidemioloji vəziyyətin ağırlaşması səbəbindən Prezident Vladimir Putinin sərəncamı ilə bütün ölkə üzrə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan olunub. Bəzi regionlarda "koronavirus tətili" oktyabrın 25-dən başlayıb. Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, qeyri-iş günlərinin sayının artırılacağı istisna olunmur.
Qonşu Türkiyədə də epidemioloji vəziyyət hər ötən gün daha da ağırlaşır. Qardaş ölkədə artıq gündəlik yoluxma sayı 26 mini keçib. Son sutka ərzində isə 229 nəfər koronavirusdan vəfat edib.
Qonşu Gürcüstanda da gündəlik yoluxma sayı 4 minə çatıb. Son sutka ərzində isə 43 ölüm faktı qeydə alınıb. Yoluxma sayının artması ilə əlaqədar olaraq ölkədə pandemiyanın 5-ci dalğası elan edilib. İnfeksionistlər isə bildiriblər ki, yoluxma sayının artmasına səbəb ölkə əhalisinin böyük hissəsinin pandemiya qaydalarına riayət etməməsidir.
Cənub qonşumuz olan İranda da koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. Bu ölkədə gündəlik 11 mindən çox insanda COVID-19 infeksiyası aşkar edilir. Son sutka ərzində isə İranda 159 nəfər koronavirusun qurbanı olub.
Azərbaycanda isə son günlər yoluxma sayında artım müşahidə edilsə də, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanır. Düzgün karantin tədbirləri və vaksinasiya prossesi sayəsində Azərbaycan hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə dünyada 99-cu yerdədir. Qonşu ölkələr olan Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.
Azərbaycan postsovet ölkələri arasında vaksinasiya prossesinə başlayan ilk ölkələrdəndir və bu gün ölkə əhalisinin ümumilikdə 9 milyon 469 mindən çoxuna vaksin vurulub.
Amma yoluxma sayının sürətlə artdığı hazırkı vaxtda epidemioloji vəziyyətin daha da ağırlaşmaması üçün vətəndaşların daha intensiv vaksinasiya olunması və 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir.