Lənkəran rayon sakini, 1987-ci il təvəllüdlü Mikayılov Baba Süleyman oğlunun vətəndaşları ABŞ-a iş vizası adı ilə aldatdığı iddia edilir.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Oxu.Az-a zərərçəkmişlər məlumat verib.
Vətəndaşlar bildirib ki, beş nəfəri 17 100 manat miqdarında aldatmış şəxs üç ildir istintaqdan yayınmağı bacarır.
Zərərçəkmiş E.Həsənov, R.Həbibov, S.Şəkərov, Ə.Həsənov və E.Bayramovun sözlərinə görə, Baba Mikayılov 2019-cu ilin mart-aprel aylarında onlara ABŞ-a getmək və orada işə düzəlmək üçün iş vizası rəsmiləşdirməkdə köməklik edəcəyinə söz verib.
Bunun üçün həmin şəxslər 17 100 manat pul alıb. Pul verildikdən sonra o, Sabunçu rayonu ərazisində zərərçəkənlərlə daha bir neçə dəfə görüşüb. Mikayılov hər görüşdə rəsmiləşdirmə prosesinin uzanması ilə bağlı müxtəlif səbəblər bildirib.
O, bu istiqamətdə aktiv iş görüntüsü yaratmaq üçün öz qurbanlarından əlavə sənədlər də toplayıb. Söz verib ki, vizalar tezliklə hazır olacaq və ABŞ-a yollana biləcəklər.
E.Həsənov bildirib ki, Mikayılov ona ABŞ-da mobil telefonların satışı ilə məşğul olan mağazada işlə təmin olunacağı vədini verib. Guya həmin mağaza azərbaycanlı iş adamına məxsusdur. Baba işdən əlavə, E.Həsənovu evlə təmin etməyi də öhdəsinə götürüb.
“Nəhayət anladıq ki, Mikayılovun iş vizalarının rəsmiləşdirilməsilə heç bir əlaqəsi yoxdur. Üstəlik, onun digər insanları da eyni üsulla aldatdığını öyrəndik. Növbəti görüşü gözləyərək biz - beş nəfər pulumuzun qaytarmasını tələb etdik və artıq ona inanmadığımızı dedik. Ancaq o iddia edirdi ki, ona böhtan atırlar”.
Başqa bir maraqlı və gülməli məqam isə zərərçəkənlərə Mikayılovun onları aldatdığını anlamağa kömək edib. E.Həsənov onunla söhbət zamanı söyləyib ki, bir neçə il əvvəl İrana gedib, oradan onu deportasiya ediblər və bu faktın viza almaq üçün problemə çevrilib-çevrilməyəcəyini soruşub.
Əvvəlcə Mikayılov heç bir problem olmayacağını deyərək onu sakitləşdirib. Lakin bir neçə gün sonra o, guya ABŞ-ın Azərbaycandakı səfirliyindən göndərilən məktubu Həsənova verib. Məktubda deyilirdi ki, İrandan deportasiya olunduğuna görə ona iş vizasını verməkdən imtina ediblər.
Yəni fırıldaqçı İranla bağlı məsələdən yararlanaraq “sənədlərin rəsmiləşdirilməsi üzərində fəal iş getdiyini” nümayiş etdirmək və bununla da lüzumsuz get-gələ salmanı əsaslandırmaq üçün istifadə etmək qərarına gəlib. Ancaq Mikayılov gülməli vəziyyətə düşüb, çünki ABŞ və İran arasında düşmənçilik münasibətinin olduğunu təkcə Papua Yeni Qvineyada bilmirlər. ABŞ-a viza verməkdən imtina etmək üçün İrandan deportasiyanı arqument kimi istifadə etmək böyük ağılsızlıq olub.