​75 yaşım olur? - Rais Rəsulzadə

​75 yaşım olur?  -
15:00 01.11.2021
A- A+

Bu gün Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadənin 75 illik yubileyidir.

SÜLH.İNFO.az tanınmış rəssamın Kult.az-a müsahibəsini təqdim edir:

- Ənənəvi sualımızla başlamaq istərdik. 75 ildə həyata keçməyən arzunuz qalıbmı?

- Heç vaxt yaş haqqında düşünməmişəm. O barədə düşünməyə heç vaxtım da olmayıb. Həmişə öz incə sənətimlə, işlərimlə məşğul olmuşam. 70 yaşım olanda dedilər ki, sənin yubileyindir. Dedim, doğrudan, ola bilməz! Ona görə bu suala cavab verməyə çətinlik çəkirəm.

- Məmməd Əmin Rəsulzadənin nəvəsi statusunu daşımaq necə hissdir?

- Əlbəttə, həm qürur hissi yaşayıram, həm də çox böyük məsuliyyətdir.

- Məktəbi bitirdikdən sonra Qazaxıstanda, Moskvada qalmaq imkanlarınız var idi. Sizsə Bakını seçdiniz. Bakıya sizi nə çəkirdi?

- Mən Azərbaycan vətəndaşıyam. Bilirsiniz, yaradıcı adamların çoxu xaricdə yaşasalar da, həmişə vətəni ilə nəfəs alırlar. Qanımla, canımla Azərbaycana bağlıyam. Yaradıcılığım da təbii ki, məhz burada olmalıdır. Başqa harada ola bilər?

- Demişdiniz ki, Xəzərin mənzərəsi, neftin qoxusu, hətta muğamın özü belə sizə ilham mənbəyidir. Hansı əsərinizi muğamdan ilhamlanaraq yaratmısınız?

- Bütün əsərlərimdə muğamın təsiri var. Azərbaycanın yaradıcı insanlarının hər birində muğamın təsiri var, istər-istəməz bəhrələnirik. “Rast” başqa hisslər oyadır, “Bayatı Şiraz” tamam ayrı... Mədəni və estetik baxışın, əxlaqın formalaşmasında, ümumiyyətlə həyatda hər sahədə muğamın, milli ruhun təsiri özünü göstərir.