Xəbər verdiyimiz kimi, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il büdcədən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Məqsəd dövlət büdcəsindən asılılığın aradan qaldırılması, iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır.
SÜLH.İNFO.az xəbər verir ki, mövzunun mahiyyəti barədə daha ətraflı iqtisadçı-ekspert Elman Sadıqov Metbuat.az-a açıqlama verib.
Müsahibimiz bildirdi ki, hər bir rayonun özünün iqtisadi mühiti, gəlirləri və xərclərini nəzərə alaraq bilməliyik ki, rayonlarda həyata keçirilən elə infrastruktur layihələri var ki, birbaşa dövlət büdcəsindən maliyyələşir. Bəs özünümaliyyələşdirmə mexanizmi nə deməkdir?
Elman Sadıqov deyir ki, özünümaliyyələşdirmə o deməkdir ki, iqtisadi potensial baxımından hər bir rayon öz xərclərini özü qarşılamaq imkanına sahib olur.
“Bütün rayonların büdcədən asılı vəziyyətdə olması daha çox iqtisadi inkişafla, psixoloji məsələlərlə bağlıdır. Əslində öz-özünü dolandırmaq, maliyyələşdirmək bu inkişafa aparan bir məsələdir. Böyük dövlətlərdə xüsusilə də, regionların və əyalətlərin öz-özlərini maliyyələşdirməsi, özlərinin bu sahədə təşəbbüs göstərməsi çox önəmlidir.
Artıq hər bir rayon icra hakimiyyəti müəyyən bir məsuliyyət hiss edərək biznes mühitinin qurulmasına, yeni iş yerlərinin açılmasına , onların vergi ödəmələrinə tamamilə fərqli gözlə baxmağa başlayacaq.
Əvvəllər “mənim rayonum dövlət büdcəsindən maliyyələşəcək” deyən icra hakimiyyətləri indi “necə edim ki, rayona daha çox investisiya cəlb olunsun” kimi düşünəcəkdir. Bunun üçün o, investisiyada maraqlı olan iş adamına da artıq fərqli gözlə baxacaq və onu ikiəlli tutacaqdır. Çünki başa düşəcəkdir ki, nə qədər çox bələdiyyə vergi ödəsə, nə qədər çox iş yeri açılsa bu, rayonun iqtisadi inkişafı üçün müsbət hal olacaqdır.
Bütün bu dəyişikliklər rayonların iqtisadı inkişafına olan yanaşma tərzinin dəyişməsinə də təsir edəcəkdir”.
Elman Sadıqov deyir ki, məsələnin kökündə olan mahiyyət budur ki, hər bir rayonu idarə edən şəxs artıq başa düşəcək ki, öz-özünü dolandırmaq üçün investisiya layihələri həyata keçirmək lazımdır. Bunun üçün iş adamlarına müraciət edib, onları rayona cəlb etməyin yolları axtarılacaq. Nəticədə rayonda olan iş adamlarına daha yaxşı, münbit şərait yaratmağa çalışacaqlar.
Burada əsas məsələ o deyil ki, rayon bütünlüklə qısa müddət ərzində özünün bütün xərclərini ödəyəcək. Məsələ yanaşma tərzini dəyişdirmək və bu istiqamətdə addım-addım hədəfə çatmaqdır. Ən azından rayon öz büdcəsi üzərində baş sındıracaq.
İlkin mərhələdə xərclərin bir hissəsi, növbəti illərdə daha böyük hissələri rayonun öz qazancı ilə bağlana bilər. Bir şərtlə ki, yanaşma dəyişəcək, idarəetmə daha çevik olacaq. İqtisadi yönlü düşüncə hakim olacaq.
“Azərbaycanın İmişli rayonu üç-dörd il bundan əvvəl büdcədən heç bir vəsait almadan özünün dolandıra bilirdi. Büdcəsi, xərcləri və gəlirləri sıfra bərabər olsa da, özünü dolandıra bilirdi. Hazırda İmişli rayonu timsalında digər rayonlar da özlərini dolandıra bilmə mexanizmini işləyib hazırlamalıdırlar.
Əgər hər hansı bir rayon özünü dolandıra bilməsə, bu zaman il sonunda təhlillər aparılmalıdır ki, nə üçün bu rayonlar özlərini dolandıra bilmədilər. Bu halda hər hansı bir obyektiv səbəbdən, məsələn, təbii fəlakət nəticəsində dəymiş ziyana görə, yoxsa subyektiv səbəbdən, yanlış idarəetmə və yanaşmaya görə həmin rayonun iqtisadi göstəricilərinin aşağı düşdüyü müəyyən oluna bilər.
Həmçinin, rayon daxilində fəaliyyət göstərən zavod və fabriklər bağlana bilər.
Amma burada əsas məsələ baş verən hadisənin səbəbini, mahiyyətini ortaya çıxarmaqdır. Bu işlərlə məşğul olan səlahiyyətli şəxslər əsaslandırmalıdırlar ki, nə üçün rayonda iqtisadi mühit zəifdir ki, rayon öz-özünü dolandıra bilmir.
Qeyd etdiyim kimi, yaxın zamanda məhz bu hallar rayon rəhbərlərini düşündürəcək əsas məsələlərə çevriləcəkdir”.
© Gülbəniz Hüseynli / METBUAT.AZ
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.
Mövzu: 6.3.11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.