Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydası müəyyənləşib.
SÜLH.İNFO.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin bu salonlarda qarşılanması və yola salınması üzrə yüksək səviyyədə xüsusi xidmətin göstərilməsinə dair işlərin təşkili və fasiləsiz fəaliyyəti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin ediləcək.
Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonunda bu Qaydada qeyd olunmuş xidmətlər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin ediləcək.
VİP salonlarında təhlükəsizliyin təmin edilməsi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.
“Naxçıvan” Beynəlxalq Hava Limanının VİP salonunda təhlükəsizliyin təmin edilməsi “Naxçıvan” Beynəlxalq Hava Limanı, Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.
VİP salonlarında göstərilən xidmətlərin keyfiyyətinə və VİP salonlarından istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir. VİP salonlarında ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ayrılmış vəsait hesabına həyata keçirilir.