​Azərbaycanın almaq istədiyi “JF-17 Thunder” qırıcısının ÜSTÜNLÜKLƏRİ

​Azərbaycanın almaq istədiyi “JF-17 Thunder” qırıcısının
10:57 03.11.2021
269 Hərbi
A- A+

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcı təyyarələrini almaqda maraqlıdır.

SÜLH.İNFO.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.

Polkovnik söhbətin “Block 3” modifikasiyasından getdiyini qeyd edib. Hərbi attaşe Azərbaycanın öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışdığını və Pakistan qırıcılarının alışının əsas prioritetlərdən biri olduğunu deyib.

“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması ikitərəfli hərbi əməkdaşlıq sahəsində gündəlikdə duran əsas məsələdir”, - deyə M.Novruzov qeyd edib.

“Block 3” əvvəlki “JF-17”lərlə müqayisədə kabinənin elektronikasının və radar sistemlərinin modernizasiyası ilə fərqlənir.

"JF-17 Thunder" təyyarəsinin üstünlükləri nədən ibarətdir?

"JF-17 Thunder" döyüş təyyarəsi yüngül, tək mühərrikli və çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançıdır. Qırıcı ilk növbədə Pakistan Hava Qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Aviasiya Kompleksinin (PAC) iştirakı ilə Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb. Təyyarənin adındakı "JF" abreviaturasının açılışı "Joint-Fighter" (Vahid Qırıcı), "Thunder" isə "İldırım" mənasını verir. Bu hərbi təyyarə ilk dəfə 2006-cı ildə sınaqdan keçirilib. Döyüş təyyarəsinin yüksək manevrlik qabiliyyəti var. Təyyarənin 58%-i Pakistanda, 42%-i isə Çində istehsal olunur.

2016-cı ilin statistikasına görə, Pakistan hər il özü üçün 25 ədəd "JF-17 Thunder" istehsal edir. Başqa ölkələrdən sifariş olacağı halda bu rəqəmin artacağı gözlənilir.

"JF -17 Thunder"in ümumi xüsusiyyətlərinə gəlincə, döyüş təyyarəsi üçün 1 ekipaj üzvü nəzərdə tutulub. Uzunluğu 14.93 m, hündürlüyü 4.72 m, qanadın genişliyi 9.45 m, qanadın sahəsi 24.4 kv.m, boş çəki 6,586 kq, yüklənmiş çəki 9,100 kq, maksimum qalxma ağırlığı 12,500 kq, daxili yanacaq çəni 2,350 kq, güc təminatçısı 1 ədəd RD-93 Klimov mühərrikdir.

Döyüş radiusu 1,352 km olan təyyarə, 3 tondan artıq silah götürmə qabiliyyətinə malikdir. Döyüş təyyarəsinin qiyməti 15-20 milyon ABŞ dolları arasında dəyişir.

"JF-17 Thunder" "hava-hava", "hava-yer" raketləri döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırki Rusiya istehsalı olan təyyarələrlə müqayisədə üstünlüyə malikdir.

"JF -17 Thunder" in avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, "hava-səth" tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir.

İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.