​Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qanun dəyişdirilir

​Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qanun
17:10 03.11.2021
276 Hərbi
A- A+

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişikliklər ediləcək.

SÜLH.İNFO.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin noyabrın 3-də keçirilən iclasında müzakirə olunub.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 3.1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib. Belə ki, layihədə dövlət icbari şəxsi sığortanın prinsipləri, sığortaolunanın, sığortaçının və sığortalının uçotu və sığorta haqlarının hesablanması, sığorta haqlarının ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, dövlət icbari şəxsi sığortanın aparılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət öz əksini tapıb.

Hərbi qulluqçuların həyat və sağlamlığının təminatı ilə bağlı işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində həyata keçirilməsi müsbət hal kimi qiymətləndirilməlidir.

Belə ki, sığorta vəsaitlərinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəlməsi, bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılmasına şərait yaradacaq, onların rifahının yüksəldilməsinə mühüm addım olacaq.

Mövcud layihə qəbul olunacağı təqdirdə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi və sığortaolunanların dövlət icbari şəxsi sığortasının təmin olunmasının gücləndirilməsinə xidmət edəcək.