30 ilə yaxın erməni qəsbkarlarlarının işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərərək şəhid olmuş polkovnik-leytenant Baxşəliyev Qəribin, Səidov Ələddinin və Sadıqov Səbuhinin anım günləri qeyd olunmuşdur.
SÜLH.İNFO.az xəbər verir ki, şəhidlərin əbədiyyətə qovuşduqları gün ilk öncə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Hikmət Məmmədov və Rasim Musabəyov, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, şəhidlərimizin ailə üzvləri II Fəxri Xiyabanda şəhid Qərib Baxşəliyevin, sonra isə Yasamal qəbiristanlığında dəfn olunmuş şəhid Ələddin Səidovun məzarlarını ziyarət etmişlər. Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidlərin məzarı önündə çıxış edənlər şəhid ailələrinə başsağlığı vermiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Qərib Baxşəliyevin və Ələddin Səidovun xatirələrinin daima əziz tutulacağını, hər zaman qəlbimizdə əbədi yaşayacaqlarını qeyd etmişlər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulmuşdur.
Qeyd edək ki, Vətən Müharibəsi zamanı göstərdikləri şücaət görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək şəhid polkovnik-leytenant Qərib Baxşəliyev “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə”, şəhid Ələddin Səidov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, şəhid Sadıqov Səbuhi isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif ediliblər.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidilərimizin anım tədbirləri keçirilmiş, adlarına ehsan verilib, ruhlarına dualar oxunmuşdur.
Anım mərasimlərində şəhidlərin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.