Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı son 10 gün ərzində rayon ərazisində silsilə əməliyyat tədbirləri həyata keçiriblər.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rayonun Hövsan, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində qeyd olunan hüquqazidd əməllər törədən 26 nəfər saxlanılıb.

Əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində paytaxt sakini Rafiz Mustafayev saxlanılıb. Onun üzərindən 1 ədəd yivli avtomatik tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar edilib. Əmircan qəsəbəsində həyata keçirilən digər əməliyyat zamanı isə Abidin Ağayev və Zaur Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Abidin Ağayevin yaşadığı evə baxış zamanı 1 ədəd əl qumbarası, 11 ədəd patron, 1 ədəd sənədləri olmayan ov tüfəngi, 1 ədəd pnevmatik tapança və 92 qram heroin aşkar edilib. Zaur Ağayevin qəsəbə ərazisində yaşadığı ünvandan isə 1 kiloqram 270 qram marixuana, 18 qram heroin, 48 qram metamfetamin, eləcə də tiryək, 10 ədəd psixotrop tərkibli metadon və preqabalin həbi, 2 ədəd elektron tərəzi və 1 ədəd sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Hövsan qəsəbəsində həyata keçirilən növbəti əməliyyatlar zamanı həmin ərazidə yerləşən binalardan 40 ədəd su sayğacı oğurlayan Alik Ələkbərov, eləcə də 3 evdən oğurluqlar edən İlham və Tural Məmmədov qardaşları saxlanılıblar. Alik Ələkbərovun üzərindən həmçinin narkotik vasitə olan heroin də aşkar edilib.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının Yeni Günəşli qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər - Samir Abbasəliyev, Kamran Rəfibəyli, Ağaəli Ağayev, Bilal Səfərov, Vüsal Tanrıverdiyev, Natiq İrzayev, Əfsanə Rəsulova və Şəhriyar İslamov saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər - Cəfər Hacıyev, Əliseyran Seyfullayev, İlqar Nəcəfov, Valeh Mirzəzadə, Əjdər İsgəndərov, Kamil Kərimov və Elman İsmayılov saxlanılıblar. Onların da üzərindən və yaşadıqları evlərdən satış məqsədi ilə əldə etdikləri heroin və digər növdən olan narkotik vasitələr aşkar edilib.

İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər – Yusif Qarayev, Emin Paşayev, Əli Əlizadə, Qılman Babayev və Emil Zeynalov saxlanılıblar. Onlardan da satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.