​İlham Əliyev Şuşada Hulusi Akarı qəbul etdi - FOTO (YENİLƏNİB)

​İlham Əliyev Şuşada Hulusi Akarı
15:02 08.11.2021
239 Siyasət
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

SÜLH.İNFO.az xəbər verir ki, nazir Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdı.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Hulusi Akar Zəfər Günü münasibətilə, eyni zamanda, öz adından dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirdi. Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha da yüksək səviyyədə qaldırıldığını vurğuladı.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi hərbi nümayəndə heyətini qəbul edib.

SÜLH.İNFO.az xəbər verir ki, görüşdə H.Akar 8 Noyabr-Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

H.Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha çox inkişaf edəcəyini, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah da qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olacağını vurğulayıb.