8 Noyabr - Zəfər Günü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin bütün rayonlarında geniş miqyaslı ağacəkmə aksiyayarı keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən (BŞİH) SÜLH.İNFO.az-a verilən məlumata görə, bu il ilk dəfə qeyd edilən Zəfər Günündə BŞİH-nin təşkilatçılığı və qurumun idarələrinin əməkdaşlarının iştirakı ilə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən aksiya paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə keçirilib.
Əsas məqsədi Bakı şəhərində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi olan bu aksiya zamanı ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarı ilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkildi. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.